Prezident R.T.Ərdoğan İrandakı qarşıdurmaların dayandırılması çağırışı edib
Türkiyə Prezidenti R.T.Ərdoğan İrandakı qarşıdurmalar zamanı mülki vətəndaşların və günahsız uşaqların zərər görməsini kəskin şəkildə qınayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda mülki şəxslərin və günahsız uşaqların qarşıdurmanın ağır nəticələrini yaşamasından dərin kədər hissi keçirdiyini bildirib. Ölkə başçısı R.T.Ərdoğan sülhün təmin olunmasına töhfə vermək məqsədilə atəşkəs üçün diplomatik səylərin artırılacağını deyib.
Martın 2-də paytaxt Ankarada keçirilən tədbirdə çıxış edən Prezident deyib: “Qonşuları və qardaşları olaraq İran xalqının ağrısını bölüşürük. Hər müharibədə olduğu kimi burada da qarşıdurmaların bütün yükünü mülki şəxslərin və heç bir günahı olmayan günahsız körpələrin daşıdığını görməkdən böyük kədər hissi keçiririk.”
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə atəşkəs təmin edilənədək və bölgədə sabitlik yenidən bərpa olunana qədər bütün səviyyələrdə təmaslarını intensivləşdirəcək.
Prezident xatırladıb ki, baş verən proseslərlə bağlı fevralın 28-dən etibarən bir çox liderlə geniş müzakirələr aparılıb. “Biz sülhün tərəfdarıyıq. Qan axmasın, göz yaşları dayansın, bölgəmiz artıq illərdir həsrətini çəkdiyi davamlı sabitliyə qovuşsun istəyirik”, – deyə Prezident R.T.Ərdoğan bildirib.
Prezident Türkiyənin prioritetinin atəşkəsə nail olmaq və dialoq üçün imkan yaranmasının vacibliyi olduğunu vurğulayaraq deyib: “Əgər lazımi müdaxilə həyata keçirilməzsə, qarşıdurma prosesinin regional və qlobal təhlükəsizlik baxımından ciddi nəticələri olacaq. Belə bir prosesin yaradacağı iqtisadi və geosiyasi qeyri-müəyyənlikləri isə heç kim daşıya bilməz. Buna görə də alov daha da böyümədən söndürülməlidir.”
NATO-nun Baş katibi ilə telefon danışığı
R.T.Ərdoğan həmçinin İrana qarşı hücumlar və baş verən qarşıdurmalar fonunda NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, R.T.Ərdoğan M.Rüttəyə Türkiyənin bölgədəki qarşıdurma prosesini diqqətlə izlədiyini və davamlı sülh üçün diplomatiyaya imkan verilməsinin vacib olduğunu bildirib.
Tərəflər arası danışıqlar zamanı Prezident R.T.Ərdoğan Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi ilə bağlı hazırlıqların davam etdiyini və Türkiyənin zirvəyə layiqincə ev sahibliyi edəcəyini qeyd edib.
M.Rütte isə NATO-nun müttəfiqlərinin təhlükəsizliyinin təmin olunmasına hər tərəfli yanaşma ilə töhfə verməyə davam edəcəyini bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hücuma başlayıb. Hücumdan sonra İranın Ali dini lideri Əli Xamenei də daxil olmaqla bir sıra iranlı rəsmilərin həlak olduğu bildirilib.
Tehran rəhbərliyi isə Körfəz ölkələrində ABŞ-la əlaqəli obyektləri hədəf alan pilotsuz uçuş aparatları və raket zərbələri ilə cavab verib. Bu hücumlar nəticəsində çoxsaylı itkilər qeydə alınıb. Altı ABŞ hərbçisi həyatını itirib, bir neçəsi isə ağır yaralanıb.
İranın Qızıl Aypara Cəmiyyəti fevralın 28-dən bəri ABŞ və İsrailin hava zərbələri nəticəsində ölənlərin sayının 555-ə çatdığını açıqlayıb.