Məlumata görə, donanmanın əsas gəmilərindən biri olan “Ailə Gəmisi” adı ilə tanınan gəmi, pilotsuz uçuş aparatı (PUA) olduğundan şübhələnilən bir vasitə tərəfindən hədəf alınıb. Portuqaliya bayrağı altında hərəkət edən gəmidə Qlobal Sumud Donanmasının İcraiyyə Komitəsinin üzvləri və digər aktivistlər olub. ABŞ mərkəzli “Instagram” sosial media platformasında paylaşılan açıqlamada bildirilib ki, bütün sərnişinlər və heyət üzvləri salamatdır. Araşdırma davam edir, yeni məlumat əldə olunduqca dərhal paylaşılacaq.
Təşkilatçıların bəyanatında həmçinin deyilir: “Missiyamızdan döndərmək və səngitmək məqsədi daşıyan hücumlar bizi yolumuzdan döndürə bilməyəcək. Qəzza üzərindəki blokadanı yarmaq və Qəzza xalqı ilə həmrəylik nümayiş etdirmək istiqamətində sülh missiyamız qətiyyətlə davam edir.”
Donanmanın İcraiyyə Komitəsinin türk əsilli üzvü Yasemin Acar isə “Instagram”da yayımladığı videomüraciətində bildirib: “Bir PUA birbaşa gəminin üzərinə gəldi, bomba atdı və partlayışdan sonra gəmi alovlandı.”
Qeyde dək ki, “Səbat”, “Dözümlülük”, “Səbr” kimi mənalar əks etdirən ərəbcə bir sözdən adını almış Qlobal Sumud Donanması həkimlər, jurnalistlər və fəallar da daxil olmaqla müxtəlif ölkələrdən gələn təxminən 20 gəmilik iştirakçılardan ibarətdir. Bu təşəbbüsə Tunis, Türkiyə, Avropa, Afrika və Asiyadan olan təqribən 150 aktivist qatılıb. Donanma avqustun sonunda Barselonadan, digər bir qrup isə İtaliyanın Cenova şəhərindən yola çıxıb. Donanmanın sentyabrın 10-da Tunisdən Qəzzaya hərəkət etməsi planlaşdırılır. Bu təşəbbüsün əsas məqsədi İsrailin blokadasına meydan oxumaq və Qəzzaya humanitar yardım çatdırmaqdır.