Türkiyənin BMT-dəki xüsusi nümayəndəsi Əhməd Yıldız Sudanın dünyanın ən ciddi didərginlik böhranını yaşadığını və həllin yalnız legitimlik və dialoq yolu ilə əldə edilə biləcəyini bildirib.
Türkiyə Sudanın hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) tərəfindən mülki şəxslərə qarşı törədilən vəhşilikləri sərt dillə pisləyib.
Türkiyənin BMT-dəki xüsusi nümayəndəsi Əhməd Yıldız dekabrın 22-də Sudanla bağlı BMT Təhlükəsizlik Şurasının iclasında deyib: "RSF tərəfindən mülki şəxslərə qarşı törədilən vəhşilikləri sərt şəkildə pisləyirik və təsirlənmiş ərazilərə təcili humanitar yardımın göstərilməsinə çağırırıq. Sudan dünyanın "ən böyük didərginlik böhranı"nı yaşayır və rəsmi Ankara Faşər və Kordofan bölgələrində baş verən son hadisələrdən dərin kədər duyur. Həmçinin RSF-in 13 dekabrda Cənubi Kordofanın Kadugli bölgəsində BMT Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin logistika bazasına hücumunu da pisləyirik. Bu hücum nəticəsində altı Banqladeşli sülhməramlı həlak oldu və səkkiz nəfər yaralandı. Türkiyə Sudanın birliyini, ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini regiona və ümumilikdə Afrikaya prinsipial yanaşmamızın əsas prinsiplərindən biri hesab edir. Münaqişənin davamlı həlli yalnız legitimlik və dialoq yolu ilə tapıla bilər. Münaqişəyə son qoymaq üçün regional və beynəlxalq təşəbbüsləri də dəstəkləyirik".
Əhməd Yıldız əlavə olaraq bildirib ki, beynəlxalq ictimaiyyətin səyləri davamlı atəşkəsi təmin edəcək inklüziv sülh prosesinə çevrilməli, ardınca hərtərəfli siyasi proses və hesabatlılıq olmalıdır.
Türkiyə Sudanla münasibətlərini davam etdirir
Türkiyənin Sudanla davam edən münasibətlərini vurğulayan Əhməd Yıldız Türkiyənin yardım gəmilərinin ölkəyə təxminən 10 min ton yardım çatdırdığını, vəba ilə mübarizə üçün tibbi ləvazimatların göndərildiyini və 30 min çadırın yola düşdüyünü bildirib.
Əhməd Yıldız Sudan xalqının zorakılıq və ölümün pəncəsindən xilas edilməsinin vacibliyini də dilə gətirib.
RSF 2023-cü ilin aprel ayından bəri Sudan ordusu ilə döyüşür.
RSF qüvvələri 500 günlük mühasirədən sonra 26 oktyabrda Şimali Darfur əyalətinin paytaxtı Faşeri ələ keçirib.
Bu addım kütləvi qətllərə, didərginliyə və mülki şəxslərin qida əldə edə bilmədikləri bir vəziyyətdə qalmasına səbəb olmuşdur.











