Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması barədə yayılan xəbərləri təkzib edib

İran Prezidentinin oğlu və hökumət müşaviri Yusif Pezeşkian ölkənin yeni ali dini lideri Müctəba Xameneinin yaralanması ilə bağlı yayılan xəbərləri təkzib edərək onun sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib

By
Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması barədə yayılan xəbərləri təkzib edib / Reuters

İran Prezidentinin oğlu və hökumət müşaviri Yusif Pezeşkian ölkənin yeni ali dini lideri Müctəba Xameneinin yaralanması ilə bağlı yayılan xəbərləri təkzib edərək onun sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

Pezeşkian "Telegram" kanalı vasitəsilə etdiyi paylaşımda yeni liderlə əlaqə saxlayan dostlarına istinadən Müctəba Xameneinin səhhətində heç bir problemin olmadığını vurğulayıb. Lakin bu açıqlama dövlət televiziyasının Xameneini "Ramazan müharibəsinin yaralı qazisi" adlandırmasından sonra gəlsə də, rəsmi media yaralanmanın təfərrüatları barədə məlumat verməyib.

"New York Times" qəzeti adı açıqlanmayan iranlı rəsmilərə istinadən yaydığı məlumatda liderin ayaq nahiyəsindən xəsarət aldığını, hazırda yüksək təhlükəsizlik şəraitində mühafizə olunduğunu iddia edib.

ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin təyinatına kəskin reaksiya verərək bunu "böyük səhv" adlandırıb.

Donald Tramp "Fox News"a müsahibəsində İranın bu qərarından məmnun olmadığını, ABŞ-ın təsdiqi olmadan yeni liderin uzun müddət hakimiyyətdə qala bilməyəcəyini bildirib.

Xatırladaq ki, 56 yaşlı Müctəba Xamenei fevralın 28-də ABŞ və İsrailin hücumları nəticəsində həlak olan Əli Xameneinin varisi kimi ölkənin yeni ali dini lideri seçilib. İctimaiyyət qarşısına nadir hallarda çıxan Müctəba Xamenei təyinatından sonra hələ də xalqa müraciət etməyib.