ABŞ, Ukrayna və Rusiya Əbu-Dabidə qapalı danışıqlar aparırlar
Bu barədə “Financial Times” qəzeti məlumat yayıb
“Financial Times” qəzeti bildirib ki, ABŞ ordusunun naziri Den Driskol Ukraynanın hərbi kəşfiyyat rəisi və Rusiya nümayəndə heyəti ilə görüşmək üçün Əbu-Dabiyə səfər edib.
Məlumata görə, Driskol və Rusiya nümayəndə heyəti noyabrın 24-də danışıqlara başlayıb. Tərəflər məsləhətləşmələri çərşənbə axşamı da davam etdirməyi planlaşdırırlar.
Driskolun Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirilo Budanov ilə də görüşməsi gözlənilir.
Əbu-Dabidə aparılan danışıqlar həftəsonu Cenevrədə Ukrayna və ABŞ rəsmiləri arasında aparılan danışıqlarda əldə edilən irəliləyişdən sonra baş tutub.
“Financial Times” qəzeti ABŞ rəsmisinə istinadən bildirib ki, Driskol son bir neçə gün ərzində sülh prosesində kifayət qədər fəal iştirak edib və bu səbəbdən bu məsələni Rusiya ilə müzakirə etməyə hazırdır.