Hakan Fidan ABŞ rəsmiləri ilə mühüm görüşlər keçirib

Hakan Fidan:''ABŞ-la Suriya məsələsi ətrafında fikir mübadiləsi aparıldı''

By
Hakan Fidan ABŞ rəsmiləri ilə mühüm görüşlər keçirib

Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtona səfəri zamanı ABŞ rəsmiləri və suriyalı həmkarı ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə Suriya və Qəzzadakı vəziyyət müzakirə olunub.

Görüşlərdən sonra Hakan Fidan ABŞ-dakı Türkiyə media orqanlarına açıqlama verərək bazar ertəsi günü ABŞ prezidenti Donald Tramp və Suriya prezidenti Əhməd Şəraa arasında keçirilən görüşün bir hissəsinə dəvət olunduğunu bildirib. O, həmçinin ABŞ dövlət katibi Marko Rubio, vitse-prezident J.D. Vans və ABŞ-ın xüsusi elçiləri Stiv Vitkoff və Tom Barakla da görüşüb.

Fidan bildirib ki, görüşlər zamanı rəsmi Ankaranın Suriya ilə bağlı mövqeyi ətraflı şəkildə təqdim olunub.

Xarici işlər naziri deyib: “Suriyanın cənub və şimalındakı problemli bölgələrin, eləcə də digər bölgələrin necə daha yaxşı idarə oluna biləcəyini və Sezar Qanunu ilə bağlı işlərin necə aparıla biləcəyini ətraflı müzakirə etdik. Həmçinin Türkiyənin Suriya ilə bağlı ümumi baxışlarını, ABŞ ilə əməkdaşlıq imkanlarını və Suriyanın inkişafı, birliyi, həmrəyliyi, sülhü və regional təhlükəsizliyi ilə bağlı bir çox məsələləri müzakirə etmək imkanı əldə etdik.”

Fidan qeyd edib ki, danışıqlarda Suriya xarici işlər naziri Əsəd əl-Şabani, Rubio, Vitkof, Barak və ABŞ vitse-prezidenti J.D. Vans iştirak ediblər.

Nazir daha sonra Vitkof və Barakla ayrıca görüşərək bir çox mövzunu, xüsusən də Fələstin məsələsini ətraflı müzakirə etdiklərini bildirib.

Davam edən Rusiya-Ukrayna müharibəsi də görüşlərin gündəmində olub. Fidan deyib: “Bu barədə uzun müzakirələr apardıq. Bu kritik məqamda müharibəyə son qoymaq üçün nə edilə biləcəyini, Türkiyənin rolunu və ABŞ ilə necə əməkdaşlıq edə biləcəyimizi müzakirə etdik. Prezidentimizin bu məsələ ilə bağlı bəzi fikirləri var’’.

Hakan Fidan həmçinin bildirib ki, ABŞ ilə İranın nüvə danışıqları mövzusunda geniş fikir mübadiləsi aparılıb və sonradan danışıqların nəticələri Prezident Ərdoğana təqdim edilib.

Suriya məsələsinə toxunan Hakan Fidan vurğulayıb ki, hazırda diqqət Suriya iqtisadiyyatının bərpasına dəstək olmaq məqsədilə sanksiyaların ləğvinə yönəlib.

Hakan Fidan sözlərinə belə davam edib:“Hazırda vəziyyət belədir: həm şimal, həm şimal-şərq, həm də cənubda problemlər diqqətlə idarə olunmasa, ölkənin ərazi bütövlüyü ilə bağlı ciddi çətinliklər yarana bilər. Bu, ölkənin parçalanma riski ilə üzləşməsinə səbəb ola bilər. Amerikalıların bunu başa düşməsi vacib idi və görünür ki, onlar bunu anlayırlar. Başqa sözlə, ölkənin vahid və bütöv olması, hər kəsin həyat və əmlak təhlükəsizliyinin təmin edilməsi, həmçinin müxtəlif etnik və dini qrupların zülmə məruz qalmaması önəmlidir. Bu tarazlığı yaratmaq üçün böyük səylər göstərilir. Eyni zamanda, heç kəsə təhlükə yaratmamaq da vacibdir. Bu istiqamətdə ciddi müzakirələr aparılıb və fikir mübadiləsi baş tutub”.