SİYASƏT
2 dəqiqə oxuma
Rusiya Prezidenti Vladimir Putin Hakan Fidanı qəbul edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfəri çərçivəsində Prezident Vladimir Putin tərəfindən qəbul edilib
Rusiya Prezidenti Vladimir Putin Hakan Fidanı qəbul edib
Rusiya Prezidenti Vladimir Putin Hakan Fidanı qəbul edib / Reuters

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfəri çərçivəsində Prezident Vladimir Putin tərəfindən qəbul edilib. Türkiyənin diplomatik mənbələrindən verilən məlumata görə, Rusiya lideri Hakan Fidanı BRİKS+ iclasının keçirildiyi Nijni Novqorod şəhərində qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakovun da iştirak etdiyi görüşdə ikitərəfli əlaqələr və regional proseslər müzakirə olunub.

Kremlin yaydığı rəsmi bəyanata görə, Vladimir Putin Moskva ilə Ankara arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq bundan böyük məmnuniyyət duyduğunu bildirib. Rusiya Prezidenti iki ölkə arasındakı münasibətlərin günü-gündən inkişaf edərək real dostluq xarakteri aldığını qeyd edib. Bu uğurlu gedişatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolunu yüksək qiymətləndirən Vladimir Putin Hakan Fidandan türk həmkarına ən xoş arzularını çatdırmağı xahiş edib və Rəcəb Tayyib Ərdoğanı hər zaman Rusiyada görməkdən məmnun olacağını vurğulayıb. Rusiya lideri həmçinin bu görüşün ölkələr üçün mühüm əhəmiyyət kəsb edən cari məsələlərin müzakirəsi baxımından gözəl bir fürsət olduğunu qeyd edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Rusiya liderinə çatdırıb. Regionda və dünyada çox mühüm hadisələrin cərəyan etdiyini bildirən Hakan Fidan kritik əhəmiyyət kəsb edən məsələlərlə bağlı Vladimir Putinin mövqeyinin və fikirlərinin Ankara üçün böyük önəm daşıdığını vurğulayıb. Nazir rusiyalı həmkarı ilə iki gün ərzində çox intensiv görüşlər keçirdiklərini və regional təhlükəsizlikdən tutmuş iqtisadi əməkdaşlığa qədər bir çox strateji mövzu ətrafında fikir mübadiləsi apardıqlarını qeyd edib.