Türkiyə dövləti Yaxın Şərqin bəzi ölkələrinə uçuşların ləğv olunması müddətini uzatdı

Rəsmi Ankara regional münaqişə səbəbindən İran, İraq, Suriya, Livan və İordaniyaya olan uçuşların dayandırılması qərarını martın 9-dək uzadıb

By
Türkiyə dövləti Yaxın Şərqin bəzi ölkələrinə uçuşların ləğv olunması müddətini uzatdı / Reuters

Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İran ilə ABŞ-İsrail arasında davam edən münaqişə ilə əlaqədar artan təhlükəsizlik riskləri səbəbindən Yaxın Şərqin bəzi istiqamətlərinə uçuşların martın 9-dək dayandırıldığını açıqlayıb.

Abdulkadir Uraloğlu martın 6-da “NSosyal” üzərindən etdiyi paylaşımda bildirib ki, aidiyyəti qurumlar regional hava məkanında baş verən hadisələri yaxından izləyir. O qeyd edib ki, İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyada (Hələb istisna olmaqla) hava məkanının bağlanması qüvvədə qalır.

Nazir bildirib ki, Oman, İordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşlar davam edir, Birləşmiş Ərəb Əmirliklərində isə hava hərəkəti nəzarət altında və məhdud şəkildə həyata keçirilir.

Nəqliyyat naziri xatırladıb ki, təhlükəsizlik narahatlıqları səbəbindən Türkiyəyə məxsus aviaşirkətlər daha əvvəl İran, İraq, Suriya, Livan və İordaniya istiqamətlərinə uçuşları martın 6-dək dayandırmışdı. Lakin bu gündən etibarən “Türk Hava Yolları”, “AJet”, “Pegasus” və “SunExpress” tərəfindən İran, İraq, Suriya, Livan və İordaniya istiqamətlərinə uçuşların martın 9-u günün sonunadək dayandırıldığı bildirilib.

A.Uraloğlu qeyd edib: “Bundan əlavə, İran istiqamətində “Pegasus Hava Yolları martın 12-dək, “Türk Hava Yolları” isə martın 20-dək bu ölkəyə olan reyslərini proqramdan çıxarıb. Bundan başqa, İstanbul Hava Limanında 4, Muğla Dalaman Hava Limanında 2, Ankara Esenboğa Hava Limanında isə 1 “İraq Hava Yolları” təyyarəsi gecələmə vəziyyətindədir. Ümumilikdə 7 təyyarə üçün gecələmə vəziyyəti mövcuddur və proses müvafiq qurumlarla koordinasiyalı şəkildə izlənilir.”

A.Uraloğlu həmçinin bildirib ki, Tehran Hava Limanında “Türk Hava Yolları” və “Pegasus” şirkətlərinə məxsus iki təyyarə yerləşir, İraqda isə “Tailwind Airlines” şirkətindən icarəyə götürülmüş bir təyyarə mövcuddur.

Digər tərəfdən nazir qeyd edib ki, Naxçıvan Beynəlxalq Hava Limanında baş verən pilotsuz uçuş aparatı hadisəsindən sonra “Azərbaycan Hava Yolları”na məxsus iki sərnişin təyyarəsinin marşrutu dəyişdirilərək Iğdır Şəhid Bülent Aydın Hava Limanına endirilib. Sərnişinlərin isə buradan təhlükəsiz şəkildə quru yolu ilə Naxçıvana çatdırıldığı bildirilib.

Nazir A.Uraloğlu əlavə edib: “Bölgədəki hadisələr müvafiq qurumlarımız tərəfindən yaxından izlənilir və hava məkanı ilə hava limanlarında baş verə biləcək dəyişikliklərə uyğun olaraq aidiyyəti qurumlarla koordinasiya şəraitində işlər davam etdirilir.”