İrana qarşı müharibə davam edərkən dünya bazarlarında neftin qiyməti 105 dolları keçib

Beynəlxalq standart hesab olunan Brent markalı xam neftin qiyməti bir barel üçün 101,19 dollara, ABŞ-nin Qərbi Texas (WTI) nefti isə 107,06 dollara qədər yüksəlib

By
Neftin qiyməti 105 dolları keçib / Reuters

ABŞ və İsrailin hava hücumları nəticəsində Əli Xameneinin öldürülməsi və Müctəba Xameneinin İranın yeni ali rəhbəri təyin edilməsindən sonra neftin qiyməti bir barel üçün 105 dollar həddini aşaraq, qısa müddət ərzində 108 dollara çatıb.

"Trading Economics" tərəfindən martın 8-də açıqlanan məlumatlara görə, bazarlar İrandakı hadisələrə kəskin reaksiya verib. Yaxın Şərqdə gərginliyin artması və qlobal neft marşrutu olan Hörmüz boğazı üzərində qeyri-müəyyənliyin davam etməsi xam neftin qiymətində kəskin artıma səbəb olub.

Çikaqo Ticarət Birjasında ticarət bərpa edildikdən qısa müddət sonra Brent markalı neftin qiyməti 9,2% artaraq bir barel üçün 101,19 dollara çatıb. Bu, martın 6-da qeydə alınan 92,69 dollarlıq bağlanış qiymətindən əhəmiyyətli dərəcədə yüksəkdir.

ABŞ-də istehsal olunan yüngül xam neft növü olan WTI-nin qiyməti isə təxminən 107,06 dollar/barel təşkil edib ki, bu da martın 6-dakı 90,90 dollarlıq göstərici ilə müqayisədə 16,2% artım deməkdir.

Bazar ticarəti davam etdikcə hər iki markanın qiymətində dəyişkənliyin davam edəcəyi gözlənilir.