Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb. Türk dilinin xalq üçün sadəcə bir ünsiyyət vasitəsi olmadığını bildirən ölkə başçısı R.T.Ərdoğan dilin eyni zamanda tarixin, mədəniyyətin və ortaq yaddaşın daşıyıcısı olduğuna diqqət çəkib.
Türk dilinin minillik köklü, zəngin keçmişə sahib olduğunu vurğulayan Prezident R.T.Ərdoğan müraciətində deyib: "Türk dilimiz xalqımız üçün təkcə ünsiyyət vasitəsi deyildir. O, tariximizin, mədəniyyətimizin və ortaq yaddaşımızın daşıyıcısıdır. Ana dilimiz olan türk dili minillik köklü keçmişimizdən süzülüb gələn böyük bir mədəniyyət xəzinəsini özündə yaşadır. Əsrlər boyu müxtəlif coğrafiyalarda müxtəlif xalqlarla təmasda olaraq zənginləşən dilimiz şeirdən ədəbiyyata, elmdən incəsənətə qədər həyatımızın her sahəsində xalqımızın hiss və düşüncə dünyasının dili olmuşdur. 26 sentyabr Türk Dili Günü münasibətilə üzərimizə düşən vəzifə türk dilini keçmişdən aldığımız böyük mirasın bir əmanəti kimi qorumaqdır. Biz onu zənginləşdirməli və gələcək nəsillərə ən güclü şəkildə ötürməliyik".
Ana dilinə sahib çıcmağın vacibiyyətindən bəhsedən dövlət başçısı R.T.Ərdoğan sözlərinə belə davam edib:
"Türkiyə Yüz ili"ni inşa edərkən öz dilimizə və mədəniyyətimizə sahib çıxmaq böyük əhəmiyyət kəsb edir. Qlobal dünyaya öz sözümüz, öz anlayışımız və öz mədəniyyətimizlə töhfə vermək vacibdir. Türk dilinin düzgün, gözəl və səlist şəkildə istifadəsini yaymaq hamımızın ortaq məsuliyyətidir. Uşaqlarımızın və gənclərimizin ana dilimizə olan sevgisini gücləndirməliyik. Unutmayaq ki, dilinə qayğı göstərən xalq öz tarixinə və gələcəyinə də sahib çıxar. Bu düşüncələrlə Türk Dili Gününün dilimizin daha da zənginləşməsinə və dünyada daha güclü şəkildə mövqe tutmasına vəsilə olmasını arzulayıram. Türk dilinin inkişafına və yaşadılmasına xidmət edən bütün dil və mədəniyyət xadimlərimizi rəhmət və minnətdarlıqla yad edirəm. 26 sentyabr Türk Dili Günümüz mübarək olsun".





















