Türkiyə dövləti “Made in EU” layihəsində yer almaq hüququ qazanıb

Bu təşəbbüs ikitərəfli ticarət münasibətlərində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir

By
Türkiyə dövləti “Made in EU” layihəsində yer almaq hüququ qazanıb / AA

Türkiyənin ticarət naziri Ömər Bolat martın 4-də verdiyi açıqlamada Türkiyənin “Aİ Məhsulu” (Made in EU) siyasətinə daxil edilməsinin hüquqi şəkildə təsdiqlənməsinin ticarət əlaqələri baxımından mühüm addım olduğunu qeyd edib.

Avropa Komissiyası strateji sektorlar üçün “Aİ Məhsulu” və aşağı karbon tələblərini nəzərdə tutan tənzimləmə təqdim edərək Avropanın sənaye bazasını gücləndirməyi hədəfləyən qanun layihəsi irəli sürüb. Sənayenin Sürətləndirilməsi Aktı polad, sement, alüminium, avtomobil sənayesi və xalis sıfır karbon emissiyası texnologiyaları kimi sahələri əhatə edir. Qanunun gələcəkdə kimya kimi enerji tutumlu sektorları da əhatə edəcək şəkildə genişləndirilməsi nəzərdə tutulur.

Nazir Ömər Bolat sosial media platforması “NSosyal” üzərindən verdiyi açıqlamada mövcud Gömrük İttifaqının yeni sənaye siyasəti çərçivəsində tanınmasının investisiyaların davamlılığı və Avropa dəyər zəncirlərinin rəqabət qabiliyyəti baxımından konstruktiv qərar olduğunu bildirib.

Ö.Bolat Avropa İttifaqı ilə iqtisadi və ticarət sahələrində aparılan intensiv və konstruktiv diplomatiyanın müsbət nəticələr verməsindən məmnunluğunu ifadə edərək bildirib: “Aİ mənşəyi tələbinin Gömrük İttifaqı çərçivəsində prinsip etibarilə Türkiyəni də əhatə etməsini təmin edən hüquqi əsasın Sənayenin Sürətləndirilməsi Aktı ilə təsdiqlənməsi ticarət münasibətləri baxımından mühüm addımdır.”

Nazir vurğulayıb ki, Türkiyə, xüsusilə avtomobil sənayesi başda olmaqla, bir çox kritik sektorda Avropa dəyər zəncirinin ayrılmaz və etibarlı hissəsidir.