İsrail qüvvələri Qəzzaya yardım aparan gəmilərə hücumu zamanı su şırnaqlarından istifadə edib

Təşkilatçılar 50 ölkədən dinc fəalların həbs edildiyini və pis rəftar gördüklərini bildirərək təcili beynəlxalq müdaxiləyə çağırıblar

"Qlobal Sumud" yardım gəmilərinə İsrailin müdaxiləsi / Reuters

"Qlobal Sumud" donanması təşkilatçıları İsrail qüvvələrinin Qəzzaya gedən donanmada bir gəmiyə hücum etdiyini, su şırnaqlarından istifadə etdiyini və gəmidəki fəallarla pis rəftar etdiyini açıqlayıblar.

Qəzzanın Blokadasını Yarmaq üzrə Beynəlxalq Komitə (ICBSG) özünün "XG platformasında etdiyi paylaşımda yazıb: “İsrail əsgərləri gəmilərimizə hücum etdi, gəmilərdən birinə qəsdən zərbə endirdi, su şırnaqlarından istifadə etdi və dünyanın 50 ölkəsindən olan dinc fəallarla vəhşicəsinə rəftar etdi".

Komitə hökumətlərə “Dünya paytaxtlarında insanlar qəzəblə ayağa qalxır” deyərək müdaxilə etmələri barədə xəbərdarlıq edib.

Yardım gəmilərinə hücum

Humanitar yardım və tibbi ləvazimatlar daşıyan "Qlobal Sumud" donanmasının avqustun sonunda yola düşüb və bu gün (2 oktyabr) səhər Qəzza sahillərinə çatacağı gözlənilirdi.

Təşkilatçılar bildiriblər ki, İsrail dəniz qüvvələri beynəlxalq sularda donanmanı ələ keçirib, rabitəni kəsib və "Alma" və "Sirius" da daxil olmaqla bir neçə gəmiyə minib.

"Qlobal Sumud" donanması daha sonra İsrailin "Spectre", "Dir Yessine" və "Aurora" gəmilərinə də basqın etdiyini açıqlayıb.

Onlar İsraili yardım çağırışlarını əngəlləməkdə və silahsız humanitar işçiləri hədəf almaqda ittiham ediblər.

ICBSG-nin məlumatına görə, donanmaya 45-dən çox ölkədən fəallar daxil idi.

Bu yardım təşəbbüsü Qəzzanın blokadasını yarmaq üçün son illərdə ən böyük təşəbbüs hesab olunur. Donanma təxminən 50 gəmidən və ümumilikdə 532 mülki şəxsdən ibarət idi.

Donanmaya hücum dünyanın bir çox şəhərində qınamalara və etirazlara səbəb olub.

İstanbul, Roma, Barselona, ​​Berlin və Brüsseldə nümayişlər keçirilib. Fəallar məhbusların azad edilməsini və İsrailin beynəlxalq sularda qeyri-qanuni güc tətbiqi də daxil olmaqla, törətdiyi əməllərə görə məsuliyyət daşımasını tələb ediblər.

Hüquq qrupları və yardım koalisiyaları gəmidəkilərin təhlükəsizliyini təmin etmək və humanitar yardımın Qəzzada fələstinlilərə çatmasını təmin etmək üçün təcili beynəlxalq tədbirlərə çağırışlarını təkrarlayıb.

2,4 milyon insanın yaşadığı Qəzza 18 ilə yaxındır İsrailin blokadası altındadır və humanitar təşkilatlar dəfələrlə ciddi ərzaq, dərman və yanacaq qıtlığı barədə xəbərdarlıq ediblər.

Donanmanın təşkilatçıları bəyan ediblər ki, İsrailin hücumuna baxmayaraq, onlar blokadaya etiraz etmək üçün səylərini davam etdirəcəklər və bunu fələstinlilərlə həmrəylik üçün qlobal hərəkatın bir hissəsi kimi görməyə davam edəcəklər.