İran ABŞ-yə xəbərdarlıq edib
İran xarici işlər nazirinin müavini Səid Xətibzadə "Sky News" telekanalına müsahibəsində ABŞ-ın İrana qoşun yerləşdirmə ehtimalına qarşı sərt xəbərdarlıq edib
İran xarici işlər nazirinin müavini Səid Xətibzadə "Sky News" telekanalına müsahibəsində ABŞ-ın İrana qoşun yerləşdirmə ehtimalına qarşı sərt xəbərdarlıq edib.
O, Vaşinqtonu Vyetnam müharibəsinin nəticələrindən dərs çıxarmağa çağıraraq, Amerika hərbçilərinin İranda da oxşar aqibətlə üzləşə biləcəyini vurğulayıb. İranın lazım gəldiyi qədər mübarizəni davam etdirəcəyini bildirən nazir müavini hazırda Tehranın diplomatik həll yolu axtarmadığını qeyd edib. Bununla belə, o, danışıqlar ehtimalını tamamilə istisna etməyərək, münaqişəyə son qoyacaq real təklif irəli sürmək məsuliyyətinin məhz ABŞ və müttəfiqlərinin öhdəsinə düşdüyünü diqqətə çatdırıb.
Xətibzadə həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunu ABŞ-ı öz maraqları naminə müharibəyə sürükləməkdə ittiham edib.
O, bildirib ki, Ağ Ev İranı tanımayan və Amerika əsgərlərinin qanı hesabına qələbə qazanmaq istəyənlərin məsləhətlərinə uymamalı, İranla bağlı addım atmazdan əvvəl ciddi düşünməlidir.
Nazir müavini İranın yeni ali dini lideri Müctəba Xameneinin səhhəti ilə bağlı suallara cavab verərək bildirib ki, o, ictimaiyyət qarşısına çıxmasa da, vəzifəsini yerinə yetirir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlar nəticəsində keçmiş ali lider Əli Xamenei də daxil olmaqla təxminən 1300 nəfər həlak olub. İran isə buna cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi İsrail, İordaniya, İraq və Körfəz ölkələrini hədəf alıb.