Türkiyə dövləti Somalidə ilk xarici dərin dəniz qazma əməliyyatına başlayıb

Türkiyənin qazma gəmisi “Çağrı bəy” Somalinin sahilləri yaxınlığındakı “Curad-1” quyusunda qazma işləri aparacaq

By
Türkiyə dövləti Somalidə ilk xarici dərin dəniz qazma əməliyyatına başlayıb / AA

Türkiyənin dərin dəniz qazma gəmisi “tarixi missiya” çərçivəsində Somaliyə çatıb. Həyata keçirilən bu təşəbbüs Türkiyə dövlətinin xaricdə həyata keçirdiyi ilk dərin dəniz qazma əməliyyatının başlanğıcı hesab edilir.

Bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib. A.Bayraktar aprelin 10-da paytaxt Moqadişuda keçirilən mərasimdə deyib: “Çağrı bəy gəmimiz tarixi missiyası üçün Somaliyə çatıb. Bu əməliyyat həm Türkiyənin, həm də Somalinin enerji tarixində tamamilə yeni bir səhifə açacaq. Sərhədlərimizdən kənara çıxan ilk xarici dərin dəniz qazma əməliyyatımız üçün Uca Allahdan müvəffəqiyyət diləyirik.”

Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, “Çağrı bəy” gəmisi Somalinin sahilləri yaxınlığındakı “Curad-1” quyusunda qazma işləri aparacaq və 288 gün ərzində 7 min 500 metr dərinlikdə fəaliyyət göstərəcək.

Somali tərəfi də bu günü tarixi hadisə kimi qiymətləndirib. Somalinin Mədən Sərvətləri naziri Dahir Şire Mohamed tədbirdə çıxış edərək deyib: “Bu gün neft qazması aparacaq Türkiyə gəmisini qarşılamaq Somali üçün tarixi gündür. Bu, eyni zamanda enerji resurslarından istifadə baxımından yeni ümid və müsbət addımdır.”

Qeyd edək ki, qazma gəmisinin fəaliyyətinin təxminən 10 ay davam edəcəyi gözlənilir.