D.Tramp: "İran nüvə danışıqları üçün ABŞ-la əlaqə saxlayıb"
ABŞ prezidenti D.Trampın sözlərinə görə, rəsmi Tehran nüvə məsələsi üzrə danışıqlar aparmaq istəyir
ABŞ prezidenti Donald Tramp yanvarın 11-də bildirib ki, İran rəsmiləri ölkənin nüvə proqramı ilə bağlı müzakirə aparmaq üçün ABŞ ilə əlaqə saxlayıblar.
Florida ştatından Vaşinqton şəhərinə səfər edərkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən D.Tramp deyib ki, iranlı rəsmilər yanvarın 10-da danışıqlar tələb edərək ABŞ tərəfi ilə təmas qurublar.
“İran dünən danışıqlar aparmaq üçün zəng etdi. Məncə, ABŞ tərəfindən davamlı təzyiqə məruz qalmaqdan yorulublar. İran danışıqlar aparmaq istəyir. Onlarla görüşə bilərik”, – D.Tramp bildirib.
Qeyd edək ki, İran milli valyutasının kəskin dəyər itirməsi və pisləşən iqtisadi şərait səbəbindən dekabr ayının sonlarından etibarən etirazlarla sarsılır.
ABŞ prezidenti D.Tramp bildirib ki, administrasiyası İrandakı vəziyyəti yaxından izləyir və davam edən etirazlarda ölənlərin sayının artdığına dair məlumatlar fonunda “çox güclü variantlar” nəzərdən keçirilir.