Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib

Rusiya Müdafiə Nazirliyi üç saat ərzində ölkənin müxtəlif ərazilərində 38 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib

Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını vurduğunu bildirib

Rusiya hava hücumundan müdafiə sistemləri noyabrın 1-də (bu gün) Moskva istiqamətində irəliləyən Ukraynaya məxsus üç pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib. Moskva meri Sergey Sobyanin “Telegram” üzərindən verdiyi açıqlamada bildirib ki, vurulan pilotsuz aparatların qalıqları hadisə yerlərində incələnir.

Rusiya Müdafiə Nazirliyi isə açıqlamasında, cənub bölgələri və Krım səması üzərində üç saat ərzində ümumilikdə 38 pilotsuz uçuş aparatının qarşısının alındığını və məhv edildiyini bəyan edib.

 

Ukraynanın xüsusi qüvvələri Pokrovsk şəhərinə göndərilib

Ukraynaya məxsus hərbi mənbənin yaydığı məlumata görə, Kiyev rəhbərliyi keçən həftə döyüşlərin şiddətləndiyi Pokrovsk şəhərinə xüsusi təyinatlı qüvvələr göndərib. Rusiya qüvvələri isə Ukrayna bölmələrini mühasirəyə aldıqlarını iddia edir.

Məlumata əsasən, xüsusi təyinatlı qüvvələr Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun nəzarəti altında “Black Hawk” helikopteri ilə bölgəyə çatdırılıb və Rusiya pilotsuz aparatları tərəfindən aktiv şəkildə izlənilib.

Qeyd edək ki, əhəmiyyətli nəqliyyat mərkəzi sayılan Pokrovsk şəhəri Rusiya qüvvələrinin Donetsk vilayətinə tam nəzarət əldə etməyə çalışması səbəbindən son günlər ciddi döyüşlərin mərkəzinə çevrilib.

Məsələylə bağlı Ukrayna prezidenti Volodimir Zelenski gecə saatlarında etdiyi müraciətdə deyib: “Biz işğalçını məhv etməyə davam edirik. Ən vacib məsələ Rusiyanın hücumlarını mümkün olan hər yerdə dayandırmaqdır.”