Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Benyamin Netanyahunu ötən həftə Qətərdə ‘‘Həmas’’ heyətinə edilən hücuma görə sərt şəkildə tənqid edərək onun ideoloji cəhətdən Hitlerə oxşadığını bildirib.
Rəcəb Tayyib Ərdoğan Dohada keçirilən ərəb və İslam dövlətlərinin fövqəladə sammitindən sonra çıxış edib.
Ərdoğan ‘‘Həmas’’ heyətinə edilən hücumu beynəlxalq sistemə və hüquqa açıq meydan oxumaq kimi qiymətləndirib.
Prezident çıxışı zamanı Qərb ölkələrinin Fələstini tanıması məsələsinə də toxunaraq, bu addımın İsrailə təzyiqləri artıracağını bildirib və məsələni BMT-də yenidən gündəmə gətirəcəyini vəd edib.
Ərdoğan çıxışında Türkiyənin Liviya siyasətinə də diqqət çəkərək, ölkənin suverenliyini və birliyini qorumağın vacibliyini vurğulayıb. ‘‘Liviyanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini qorumaqda qərarlıyıq və bütün hərəkətlərimiz bu hədəflər əsasında formalaşır’’,-deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Prezident bildirib ki, Türkiyə əvvəldən bəri qanuni Tripoli hökumətini dəstəkləyib və son dövrlərdə Liviyanın şərqi ilə diplomatik kanallar yaratmağa çalışır. Ərdoğanın sözlərinə görə, bu çoxölçülü diplomatik səylər Türkiyənin regional baxışını və sülhə nail olmaq məqsədini əks etdirir.
Prezident həmçinin bəyan edib ki, Benqazi administrasiyasının Ankara ilə Tripoli arasında imzalanmış dəniz yurisdiksiyası müqaviləsini ratifikasiya etməsi beynəlxalq hüquq normaları baxımından böyük nailiyyət olacaq.














