ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
“Turkcell” “Google” ilə tərəfdaşlıq qurdu
Yerli operatör “Turkcell” ilə “Google”un strateji əməkdaşlığı Türkiyədə bulud texnologiyalarının inkişafını və rəqəmsal infrastrukturun güclənməsini hədəfləyir
“Turkcell” “Google” ilə tərəfdaşlıq qurdu
“Turkcell” “Google” ilə tərəfdaşlıq qurdu / Reuters
12 noyabr 2025

Türkiyənin aparıcı telekommunikasiya operatoru “Turkcell” müxtəlif sahələrdə bulud texnologiyalarının tətbiqini genişləndirmək məqsədilə “Google” ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Şirkət bu əməkdaşlıq çərçivəsində 2032-ci ilə qədər 1 milyard dollarlıq investisiya planlaşdırır.

“Turkcell” noyabrın 12-də (bu gün) yaydığı açıqlamada bildirib ki, bu əməkdaşlıq sayəsində “Google Cloud” xidmətləri Türkiyədə bir çox sektora təqdim ediləcək. Razılaşmaya əsasən, “Turkcell” “Google Cloud”un Türkiyədə planlaşdırılan yeni bölgəsi üçün zəruri infrastrukturun təmin edilməsində “Googl”e ilə birgə fəaliyyət göstərəcək.

Əməkdaşlığın 2028–2029-cu illərdə fəaliyyətə başlaması gözlənilir. Layihə çərçivəsində “Turkcell”in məlumat mərkəzi portfeli də genişləndiriləcək.

“Turkcell”in bəyanatında deyilir: “Google Cloud”un etibarlı tərəfdaşı kimi “Turkcell” güclü bulud infrastrukturuna və xidmət təminatına malik lider şirkət rolunu daha da möhkəmləndirəcək. Eyni zamanda “Google Cloud” xidmətlərinin rəsmi satıcısı kimi bazarda fəaliyyət göstərəcək. Bu əməkdaşlıq Türkiyədəki bütün müəssisələrin bulud sistemlərinə keçidini sürətləndirəcək və bulud texnologiyasının təqdim etdiyi imkanlardan maksimum dərəcədə faydalanmalarını təmin edəcək.”

“Turkcell” əlavə edib ki, yaradılacaq yeni bulud bölgəsi Türkiyədə yerli infrastruktur təmin edəcək və bu, müştərilərə məlumatların saxlanma məkanına daha çox nəzarət imkanı verəcək. Həmçinin layihə məlumatların yerli ərazidə qorunması tələblərinə cavab verməyə kömək edəcək.

Operator bildirib ki, Türkiyədə yaradılacaq yeni bulud mərkəzi, yüksək sürətli və operativ işləyən “Google Cloud” xidmətləri təqdim etməklə ölkənin rəqəmsal infrastrukturunu gücləndirməyi hədəfləyir. Bunun nəticəsində rəqəmsal məlumatların təhlili, proqram sistemlərinin yenilənməsi, kibertəhlükəsizlik və rəqəmsal iş proseslərinin təkmilləşdirilməsi sahələrində yeni imkanlar açılacaq.

MƏNBƏ:TRT