Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Cozef Aunla regional məsələləri müzakirə edib
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Cozef Aunla ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də Cozef Aunla telefon danışığı aparıb. Söhbət zamanı dövlət başçısı Türkiyənin hər zaman Livanın sabitliyini və suverenliyini dəstəklədiyini, həmçinin iki ölkə arasında ticarət və investisiya sahələrində böyük potensialın mövcud olduğunu vurğulayıb.
Prezident Ərdoğan Türkiyənin Livanın təhlükəsizliyini dəstəkləyən beynəlxalq mexanizmlərdə iştirak etməyə daim hazır olduğunu bildirib. O, eyni zamanda Livandan Kiprdə yaşayan türklərin hüquq və maraqlarına hörmət edən mövqe nümayiş etdirməsini gözlədiklərini qeyd edib.
Regional proseslərə toxunan Ərdoğan Türkiyənin bölgədə sabitliyə töhfə vermək məqsədilə Suriyadakı əsas dəyişikliklərə dəstəyini davam etdirəcəyini deyib. Məlumatda həmçinin Prezidentin İsrailin Livana qarşı aqressiv mövqeyini rədd etdiyi vurğulanıb.
Xatırladaq ki, İsrail və Livan 2024-cü ilin noyabr ayında atəşkəs razılaşması əldə ediblər. Hücumlar nəticəsində 4 mindən çox insan həlak olub, 17 min adam isə yaralanıb.
Atəşkəs razılaşmasına əsasən İsrail qüvvələri yanvar ayında Livanın cənubundan çəkilməli idi. Lakin geri çəkilmə yalnız qismən həyata keçirilib. Hazırda İsrail beş sərhəd məntəqəsində hərbi mövcudluğunu davam etdirir.