İndoneziya və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Sugiono görüş zamanı rəsmi Cakartanın İran, ABŞ və İsrail arasında kəskinləşən münaqişənin həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirib

By
İndoneziya və İran xarici işlər nazirləri arasında telefon danışığı olub / AP

İndoneziyanın xarici işlər naziri Sugiono iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Sugiono görüş zamanı rəsmi Cakartanın İran, ABŞ və İsrail arasında kəskinləşən münaqişənin həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Nazir "X" sosial media hesabındakı paylaşımında İndoneziyanın sülhün təmin olunmasında konstruktiv rol oynamaq niyyətini vurğulayaraq, gərginliyin artmasının qarşısını almaq və mülki itkilərə son qoymaq məqsədilə dialoqu asanlaşdırmağa hazır olduqlarını qeyd edib.

Bütün tərəfləri maksimum təmkinli olmağa çağıran Sugiono beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətin vacibliyini, regional sabitliyə aparan yeganə yolun diplomatiya olduğunu xatırladıb.

Martın 2-də Abbas Əraqçi Əfqanıstanın müvəqqəti xarici işlər naziri Molla Əmir Xan Müttəqi ilə görüşüb. Əfqanıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Müttəqi bölgədəki hadisələrlə bağlı ciddi narahatlığını ifadə edərək ABŞ və İsrailin İrana qarşı hücumlarını qətiyyətlə qınayıb. O, həmçinin İranın ali dini lideri Əli Xameneinin hədəf alınması ilə əlaqədar başsağlığı verib.

Xatırladaq ki, fevralın 28-dən bəri ABŞ və İsrailin həyata keçirdiyi birgə hərbi əməliyyatlar nəticəsində İranın bir neçə yüksək vəzifəli rəsmisinin öldürüldüyü bildirilir.

Rəsmi Tehran bu hücumlara cavab olaraq ABŞ-nin Körfəz ölkələrindəki hərbi obyektlərinə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.

Hücumlar zamanı ABŞ-nin altı hərbçisi həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.

İran Qızıl Aypara Cəmiyyətinin son məlumatına görə, fevralın 28-dən bu yana davam edən hava hücumları nəticəsində həyatını itirənlərin ümumi sayı 555 nəfərə çatıb.