"Nvidia" şirkətinin rəhbəri Çinin süni intellekt yarışında qalib gələcəyini bildirib
Jensen Xuanq Çinin yeni nəsil süni intellekt inkişaf etdirmək yarışında "qalib gələcəyini" bildirib və Vaşinqtonu bu istiqamətdə səylərini sürətləndirməyə çağırıb
Çin sənayedə daha az tənzimləmə və daha aşağı elektroenerji xərcləri səbəbindən süni intellekt yarışında ABŞ-yə qalib gələcək.
Bunu Amerikanın aparıcı çip təchizatçısı "Nvidia" şirkətinin baş direktoru və təsisçisi Jensen Xuanq bildirib.
"Nvidia" şirkətinin baş direktoru Jensen Xuanq Çinin yeni nəsil süni intellekt inkişaf etdirmək yarışında "qalib gələcəyini" bildirib və Vaşinqtonu bu istiqamətdə səylərini sürətləndirməyə çağırıb.
Jensen Xuanq "Financial Times" qəzetinə verdiyi açıqlamada Pekinin enerji subsidiyalarının süni intellekt texnologiyasını dəstəkləyən qabaqcıl yarımkeçiricilər istehsal etmək səylərini artırdığını bildirib.
Britaniya qəzeti Huanqın noyabrın 5-də Londonda keçirilən tədbirdə "Çin süni intellekt yarışında qalib gələcək" dediyi sözləri sitat gətirib.
Huanq həmçinin "Nvidia" şirkətinin "X" platformasında etdiyi paylaşımda "Uzun müddətdir dediyim kimi, Çin süni intellektdə Amerikadan yalnız nanosaniyədə geridədir" deyib.
Huanq əlavə edib ki, Amerikanın bu yarışda dünya üzrə inkişaf etdiriciləri məğlub edərək və irəliləyərək qalib gəlməsi vacibdir.
Kaliforniyada yerləşən "Nvidia" ötən həftə dünyanın ilk 5 trilyon dollarlıq şirkəti olub. Lakin şirkətin bazar dəyəri o vaxtdan bəri təxminən 4,7 trilyon dollara düşüb.
"Nvidia"nın generativ süni intellekt sistemlərini öyrətmək və idarə etmək üçün istifadə edilən yüksək səviyyəli çipləri hazırda ABŞ-ın milli təhlükəsizlik narahatlıqları və Çin hökumətinin məhdudiyyətləri səbəbindən Çində satılmır.
Süni intellektə qarşı "skeptisizm"
Bu həftənin əvvəlində Ağ Ev "Nvidia"nın inkişaf etmiş "Blackwell" çip modelini Çində satmasına hələ də icazə vermək istəmədiyini açıqlayıb.
ABŞ qadağanın səbəbi kimi Çinə hərbi üstünlük vermək riskini göstərib.
Vaşinqtonu dəfələrlə "Nvidia" çip ixracına qoyulan məhdudiyyətləri yumşaltmağa çağıran Huanq belə bir siyasətin yalnız Çinin öz texnologiyasını inkişaf etdirməsinə kömək edəcəyini söyləyib.
Huanq ABŞ ştatlarının süni intellektlə bağlı tətbiq etdiyi yeni qaydaları tənqid edib və bildirib ki, Çində hökumət texnologiyanı dəstəkləmək üçün elektrik enerjisinə subsidiya verir. ABŞ və Böyük Britaniya kimi Qərb ölkələri süni intellektlə bağlı "şübhəçilik" səbəbindən geridə qalır.