Avstraliyalı senator Fatimə Payman sosial media platformalarını onlayn zərərlərə görə cavabdeh edən qanun layihəsinin səsverməsinə qızı Aliyə ilə birlikdə qatılıb. Payman İnstaqram hesabında etdiyi paylaşımda bu ifadələrə yer verib:"Qanun layihəsi mükəmməl deyil, lakin bu, texnologiya şirkətlərinin insanlardan daha çox mənfəətə üstünlük verən iş modelinə qarşı mübarizədə ilk addımdır".
Parlamentin qəbul etdiyi qanuna əsasən, internet şirkətləri zərərli məzmunu əvvəlcədən aşkarlayıb bloklamalıdır. Bu tələblərə əməl etməyən şirkətlər illik qlobal gəlirlərinin 5 faizinə qədər cərimə oluna bilərlər.
30 yaşlı müsəlman senatorun parlamentdə körpəsini qucağında tutduğu və həmkarının Aliyə ilə maraqlandığı anları əks etdirən fotolar bu həftə sosial mediada geniş müzakirələrə səbəb olub.