Türkiyənin qadınlardan ibarət voleybol komandasının baş məşqçisi Daniele Santarelli və komandanın kapitanı Eda Erdem Dündar 2026-cı il CEV Avropa Çempionatının finalında İtaliya üzərində qazanılan 3:2 hesablı tarixi qələbəni qiymətləndiriblər. Onlar mövsümün əvvəlində qarşıya qoyulan bütün hədəflərə çatdıqlarını bildiriblər.
Sinan Erdem İdman Salonunda keçirilən gərgin matçdan sonra mətbuata açıqlama verən Daniele Santarelli komandasının nümayiş etdirdiyi performansdan məmnunluğunu ifadə edib.
"Mövsümü istədiyimiz kimi başa vurduq və inanılmaz bir uğura imza atdıq. Voleybol Federasiyası və komandamız həqiqətən möcüzəvi bir iş ortaya qoydu. Bu gün dünyanın ən güclü komandalarından birinə qarşı meydanda möhtəşəm mübarizə apardıq. Etdiklərimizlə nə qədər fəxr etsək azdır",-deyə Daniele Santarelli vurğulayıb.
Öz vətəninə qarşı mübarizə aparmasına da toxunan Santarelli Türkiyəyə olan sevgisini dilə gətirib: "Bəli, mən italyanam, lakin bütün enerjimi Türkiyənin uğuru üçün xərcləyirəm. Bu komandanın daha böyük zirvələrə çatması üçün əlimdən gələni edirəm. Bu ölkəni və insanlarını çox sevirəm. Türkiyə ilə birlikdə yeni zəfərlər qazanmaq mənim üçün böyük şərəfdir."
Millinin kapitanı Eda Erdem Dündar isə azarkeş dəstəyinin matçın taleyində həlledici rol oynadığını qeyd edib:
"Çox xoşbəxtik. Yayın başında qarşımıza qoyduğumuz bütün məqsədləri gerçəkləşdirdik. Bu gün zalda inanılmaz bir atmosfer var idi. Oyun zamanı bəzən konsentrasiyanı itirsək də, tribunanın dəstəyi və inamı bizi yenidən oyuna qaytardı. İtaliyaya 3:2 hesabı ilə qalib gəldik. Ardıcıl ikinci dəfə Avropa çempionu olduğumuz üçün qürur duyuruq".




















