Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına husilər tərəfindən hücum təşkil edilib. Hücumda təxminən 12 nəfər həlak olub, 309 şəxs isə yaralanıb.
Səudiyyə Ərəbistanının mülki aviasiya rəsmiləri ölənlərin şəxsiyyətini təsdiqləyib. Açıqlamaya görə, həlak olanlar arasında dörd Səudiyyə Ərəbistanı vətəndaşı, iki Banqladeş, eləcə də ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudandan olan şəxslər var.
Səhiyyə briqadaları yaralanan 309 nəfəri paytaxtdakı xəstəxanalara çatdırıb. Xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hücum zamanı hava limanının terminal infrastrukturuna ciddi ziyan dəyib. Texniki heyətin dəyən ziyanın miqyasını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirdiyi açıqlanıb.
Uçuşlarda böyük axsamalar yaranıb
Hava limanı rəhbərliyi hücumdan dərhal sonra bütün istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb. Bu qərar dəyən ziyanı müəyyən etmək və obyektlərin təhlükəsizliyini yoxlamaq məqsədilə qəbul edilib.
Verilən qərar regionun hava nəqliyyatında ciddi axsamalara səbəb olub. Sərnişinlərə hava limanına getməzdən əvvəl aviaşirkətlərlə əlaqə saxlamaları tövsiyə edilib.
Küveyt Hava Yolları hava limanının təcili olaraq bağlanmasını əsas gətirərək şənbə günü Ər-Riyada və Ər-Riyaddan nəzərdə tutulan bütün reysləri ləğv edib.
Qeyd edək ki, husilər son günlərdə Səudiyyə Ərəbistanındakı hava limanlarına və mühüm infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar təşkil edirlər. Beləliklə də, son hücumla birlikdə regionda vəziyyət gərgin olaraq qalmağa davam edir.



















