SİYASƏT
2 dəqiqə oxuma
Ayətullah Əli Xamenei: ''İran müharibə istəmir, amma istənilən hücuma sərt cavab verəcək''
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın İrana qarşı mümkün hərbi müdaxiləsinin regional müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib
Ayətullah Əli Xamenei: ''İran müharibə istəmir, amma istənilən hücuma sərt cavab verəcək''
Ayətullah Əli Xamenei: ''İran müharibə istəmir, amma istənilən hücuma sərt cavab verəcək'' / AP
2 fevral 2026

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın İrana qarşı mümkün hərbi müdaxiləsinin regional müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib.

Tehranda çıxış edən Xamenei bildirib ki, Vaşinqtonun müharibəyə başlaması bütün regionu alova bürüyəcək. O, ABŞ-ın Fars körfəzinə təyyarədaşıyan gəmilər və hərbi donanma göndərməsini adi və əvvəllər də baş vermiş bir addım kimi qiymətləndirib.

Xamenei qeyd edib ki, ABŞ rəsmiləri keçmişdə də dəfələrlə hərbi müdaxiləni nəzərdə tutan "bütün variantlar masadadır" ifadəsini işlədiblər. Ali lider İran xalqının bu təhdidlərdən qormamalı olduğunu bildirib. ‘‘İran heç bir müharibənin tərəfdarı deyil və heç bir ölkəyə hücum etmək niyyətində deyil. Lakin təcavüzə cəhd edən və ya ölkəni təhdid edən hər kəsə qətiyyətli zərbə vurulacaq’’,-deyə İranın ali dini lideri vurğulayıb.

Ölkədəki son hökumət əleyhinə aksiyaları da qiymətləndirən Xamenei nümayişləri "uğursuz çevriliş cəhdi" kimi xarakterizə edib. O, iğtişaşların məqsədinin dövlətin nüfuzlu və strateji mərkəzlərini sıradan çıxarmaq olduğunu iddia edib. Rəsmi Tehran bu hadisələrdə zorakılığa yol verənləri "üsyançı" və "terrorçu" adlandıraraq ABŞ və İsraili prosesləri kənardan dəstəkləməkdə günahlandırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında böyük bir donanmanın İrana doğru irəlilədiyini qeyd edərək Tehranı dərhal danışıqlara başlamağa çağırıb.

İranın yüksək vəzifəli rəsmisi Əli Laricani media tərəfindən şişirdilən xəbərləri təkzib edərək danışıqlar üçün "strukturlaşdırılmış çərçivə"nin yaradıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Əli Laricani Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.