Rusiya Prezident Aparatının (Kreml) mətbuat katibi Dmitri Peskov 2022-ci ilin fevralından bəri müharibə şəraitində olduqları Ukraynada müvəqqəti atəşkəs əvəzinə uzunmüddətli sülh istədiklərini bəyan edib.
Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin 60 günlük atəşkəsi qəbul edəcəyi təqdirdə Ukraynada seçki keçirilə biləcəyinə dair fikirlərini qiymətləndirib.
Rusiyanın Ukraynadakı münaqişənin dayandırılmasına dair mövqeyinin dəyişmədiyini vurğulayan Peskov deyib: "Rusiyada həm Putin, həm də digər səviyyələrdə dəfələrlə bəyan edilib. Biz atəşkəs deyil, uzunmüddətli sülh istəyirik və bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq".
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın enerji infrastrukturlarına qarşı hücumların dayandırılmasına dair atəşkəs razılaşmasının əldə olunması haqqında bəyanatına dair sualı cavablandıran Peskov deyib: "Təmaslar davam edir. Bu barədə deyiləsi bir sözümüz olduqda sizi mütləq məlumatlandıracağıq".
Avropa ölkələrinin Ukrayna böhranına yanaşmasını da dəyərləndirən Peskov avropalıların toqquşmaların başa çatmasına mane olmaq üçün səy göstərməyə davam etdiklərini bildirib.
Peskov Avropa ölkələrini "müharibə tərəfdarı" kimi xarakterizə edərək deyib: "Amerikalı danışıqçıların səylərini daha müsbət qarşılayırıq və bu səylərini davam etdirdikləri üçün sahiblərinə minnətdarıq. ABŞ ilə Avropa arasında parçalanma yaratmağa çalışmırıq, sülhsevər həllin əldə olunmasını təmin edəcək təsirli addımlar və məsuliyyətli qərarlar axtarırıq".

















