İraq Kürd Regional İdarəsi (İKRİ) martın 17-də yaydığı açıqlamada, region üzərindən Türkiyənin Ceyhan limanına neft ixracının bərpası ilə bağlı Bağdad rəhbərliyi ilə razılığa gəldiklərini bildirib.
“X” platformasında yayılan açıqlamada İKRİ-nin Baş naziri Məsrur Bərzani qeyd edib ki, region ölkənin üzləşdiyi fövqəladə şərait və bu çətin dövrün aradan qaldırılması üçün hamının paylaşdığı məsuliyyət səbəbilə neftin boru kəməri vasitəsilə ən qısa müddətdə yenidən nəqlinə icazə verilməsi qərarını qəbul edib.
İraq dövlət xəbər agentliyinin məlumatına görə, İraqın neft naziri Həyyan Əbdülqani bildirib ki, Türkiyənin Ceyhan limanı üzərindən xam neft ixracı martın 18-də (bu gün) yerli vaxtla saat 10:00-da (07:00 GMT) yenidən başlayacaq.
İraq Neft Nazirliyi martın 15-də yaydığı açıqlamada qeyd edib ki, regional böhran və Hörmüz boğazında gəmiçiliklə bağlı problemlər səbəbilə cənub ixrac marşrutlarında yaranan fasilələrə baxmayaraq, şimal kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına xam neft ixracını bərpa etməyə hazırdır.
Lakin Nazirlik bildirib ki, İraq Kürd Regional İdarəsinin Təbii Sərvətlər Nazirliyi daha əvvəl boru kəməri ilə ixracın bərpasını rədd edib və Bağdad rəhbərliyi xam neft ixrac əməliyyatları ilə əlaqəsi olmayan bir sıra şərtlər irəli sürüb.
Neft Nazirliyi İKRİ tərəfinə bu şərtlərin ixracın bərpası ilə eyni vaxtda deyil, daha sonra müzakirə oluna biləcəyini bildirərək xəbərdarlıq edib ki, davam edən fasilələr İraqı cənub ixracının dayanması nəticəsində yaranan itkiləri qismən kompensasiya edə biləcək mühüm maliyyə mənbələrindən məhrum edəcək.
M.Bərzani martın 17-də bildirib ki, idxal və ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və neft-qaz şirkətlərinin təhlükəsiz şəkildə fəaliyyətini davam etdirə bilməsi üçün İKRİ regionuna zəmanətlərin verilməsi məsələsi üzrə Bağdaddakı federal hökumətlə danışıqlar təcili şəkildə davam etdiriləcək.
M.Bərzani həmçinin, prosesin asanlaşdırılmasındakı rolu və dəstəyinə görə ABŞ-yə təşəkkür edib.
Qeyd edək ki,bu inkişaf İran İslam İnqilabı Keşikçiləri Korpusunun 28 fevralda başlayan ABŞ–İsrail hücumlarına cavab olaraq Hörmüz boğazını əksər gəmilər üçün bağlamasından sonra qlobal enerji narahatlıqlarının artdığı bir dövrdə baş verib.
Münaqişədən əvvəl boğazdan gündəlik təxminən 20 milyon barel neft daşınırdı. Buna görə də, boğazın bağlanması neft qiymətlərinin artmasına səbəb olub.
ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak razılaşmanın əldə olunması münasibətilə Ərbil rəhbərliyi və rəsmi Bağdada təşəkkürünü bildirib.
T.Barrak “X” platformasında paylaşdığı mesajda qeyd edib: “Enerji ixracının yenidən başlanması və regionun rifahının artırılması üçün bu kritik məqamda razılığa gəlmək istiqamətində göstərdikləri səylərə görə Ərbil və Bağdada dərin təşəkkürümü bildirirəm”. Onların cəsarəti, qətiyyətli əməkdaşlığı və diplomatik yola sadiqliyi həqiqətən çox qiymətlidir. ABŞ bu böhran dövründə bu mühüm səyləri dəstəkləməkdə tam qətiyyətlidir”.
İKRİ-nin açıqlamasına görə, M.Bərzani T.Barrakla telefon danışığı aparıb. Görüş zamanı tərəflər İKRİ regionu, İraq və Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər.
T.Barrak ABŞ prezidenti Donald Trampın salamlarını çatdırıb və İKRİ Baş nazirinin Türkiyə üzərindən neft ixracının bərpası üçün federal hökumətlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndirib.
M.Bərzani bildirib ki, rəsmi Bağdadla danışıqlar davam edir və İKRİ-nin danışıqlar qrupuna mövcud şəraitdə vətəndaşların maraqlarına xidmət edəcək şəkildə ixracın bərpası üçün bütün zəruri şəraitin yaradılması tapşırılıb.
M.Bərzani həmçinin, ABŞ-ni Ərbil rəhbərliyi və rəsmi Bağdad arasında davam edən danışıqlarda, xüsusilə gömrük və ticarət məhdudiyyətləri ilə bağlı məsələlərdə müşahidəçi və dəstəkçi rolunu davam etdirməyə çağırıb.
Xatırladaq ki, İran 28 fevralda İsrail və ABŞ-nin özünə qarşı başladığı birgə hücumlardan sonra 1 mart tarixindən etibarən Hörmüz boğazını faktiki olaraq bağlayıb. Bu hücumlar nəticəsində indiyədək aralarında ali dini lider Əli Xameneinin də olduğu təxminən 1.300 nəfər həyatını itirib.
İran İsraillə yanaşı, ABŞ hərbi qüvvələrinin yerləşdiyi İordaniya, İraq və Körfəz ölkələrini də pilotsuz uçuş aparatları və raket zərbələri ilə hədəf alaraq cavab tədbirləri həyata keçirir. Bu hücumlar nəticəsində insan tələfatı və infrastruktura ciddi zərər dəyib.










