Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampdan "Sülh Şurası" təşəbbüsünə Fələstini də daxil etməyi və diqqətin yalnız Qəzza ilə məhdudlaşdırılmamasını xahiş edib. Braziliya Prezident Aparatının yaydığı məlumata görə, liderlər bu mövzunu Vaşinqtonda keçiriləcək görüş zamanı daha ətraflı müzakirə etmək barədə razılığa gəliblər.
Təxminən 50 dəqiqə davam edən telefon danışığı zamanı Lula "Sülh Şurası"nın fəaliyyət dairəsinin genişləndirilməsini və qurumun üzvləri arasında Fələstinə də yer ayrılmasını təklif edib. O, həmçinin qlobal idarəetmə ilə bağlı narahatlığını ifadə edərək BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması da daxil olmaqla, təşkilatda əsaslı islahatların aparılmasına çağırıb.
Lula da Silva və Donald Tramp ötən ilin oktyabr ayında keçirdikləri ilk rəsmi görüşdən sonra daha sıx təmasdadırlar. Bu dialoq Braziliya ilə Vaşinqton arasındakı gərginlik dövründən sonra münasibətlərin normallaşması kimi qiymətləndirilir. Qeyd edək ki, Tramp administrasiyası Braziliyanın əsas ixrac məhsullarını 40 faizlik tariflərdən azad edib və braziliyalı hakimə qarşı sanksiyaları ləğv edib.
Görüşdə Venesueladakı vəziyyət də müzakirə olunub. Braziliya lideri bölgədə sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, bu ayın əvvəlində Lula ABŞ-ın Nikolas Maduronu devirmək məqsədilə Venesuelaya qarşı atdığı addımların "qəbuledilməz həddi keçdiyini" bildirmişdi.
Braziliya tərəfinin məlumatına görə, Lulanın Vaşinqtona səfəri fevral ayında Hindistan və Cənubi Koreyaya planlaşdırılan rəsmi səfərlərindən sonra baş tutacaq. Səfərin dəqiq tarixi yaxın vaxtlarda müəyyənləşəcək.












