SİYASƏT
2 dəqiqə oxuma
İran dövləti D.Tramp və B.Netanyahunun təhdidlərinə cavab veriləcəyini bildirb
İranda baş verən iqtisadi etirazlar İsrail və ABŞ da daxil olmaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir
İran dövləti D.Tramp və B.Netanyahunun təhdidlərinə cavab veriləcəyini bildirb
Hatami xəbərdarlıq etdi ki, düşmənin hər hansı bir yanlış addımı olarsa, İran keçən iyun ayındakı 12 günlük müharibədən daha güclü cavab verəcək. / Reuters
7 yanvar 2026

General Amir Hatami bildirib ki, ABŞ və İsrailin rəsmi Tehran əleyhinə etirazlara dəstək verməsindən sonra İran xaricdən gələn təhdidlər qarşısında susmayacaq və özünün hədələnməsinə yol verməyəcək.

“Fars” xəbər agentliyinin məlumatına görə, Amir Hatami yanvarın 7-də verdiyi açıqlamada deyib: “İran İslam Respublikası İran xalqına qarşı yönəlmiş düşmən ritorikanın artmasını təhdid kimi qiymətləndirir və bunu cavabsız qoymayacaq.”

Ordu komandanı A.Hatami əlavə edib ki, əgər düşmən səhvə yol verərsə, İranın cavabı ötən ilin iyun ayında İsraillə yaşanan 12 günlük müharibədə göstərilən reaksiyadan daha güclü olacaq.

Qeyd edilir ki, son günlər Donald Tramp etirazçılar öldürüləcəyi təqdirdə İrana müdaxilə edilə biləcəyi ilə hədələyib, Benyamin Netanyahu isə etirazlara dəstək verdiyini bəyan edib.

Xatırldaq ki, dekabrın 28-də Tehranda ticarətçilər artan qiymətlərə və rialın dəyərdən düşməsinə etiraz etmək üçün aksiya keçirib. Bu hadisə bir neçə şəhərdə, bəziləri ölümcül nəticələnən oxşar etirazların baş verməsinə təkan verib.

Bununla belə, aksiyalar hələ 2022–2023-cü illərdəki etiraz hərəkatının və ya 2009-cu ildə prezident seçkilərindən sonra yaşanan kütləvi küçə etirazlarının miqyasına çatmayıb.

Ancaq iqtisadi etirazlar rəqib ölkələrin rəhbərləri də daxil olmaqla beynəlxalq arenada diqqət çəkməkdə davam edir.

İrandakı etirazlarla bağlı D.Tramp yanvarın 4-də jurnalistlərə deyib: “Biz baş verənləri çox yaxından izləyirik. Keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, düşünürəm ki, ABŞ tərəfindən çox ağır cavabla üzləşərlər.” B.Netanyahu isə İsrail Nazirlər Kabinetinə müraciətində bildirib: “Biz İran xalqının mübarizəsi və onların azadlıq və ədalət arzuları ilə həmrəyik.”

Yanvarın 5-də İran Xarici İşlər Nazirliyi D.Tramp və B.Netanyahunu zorakılığı qızışdırmaqda və İranın milli birliyini zəiflətməyə cəhd göstərməkdə ittiham edib.

Xəbər verildiyi kimi, İyun ayında baş verən müharibə İsrailin İranın hərbi və nüvə obyektlərinə misli görünməmiş hücumları ilə başlamışdı. Qısa müddət sonra ABŞ da hücumlara qoşularaq İranın üç iri nüvə obyektini bombaladı.

MƏNBƏ:TRT