Papa XIV Leo bildirib ki, Yaxın Şərqin üzləşdiyi bütün çətinliklərə baxmayaraq birlik, tərəfdaşlıq və sülh mümkündür.
Roma Papası Beyrutun mərkəzində keçirilən və 300-dən çox dini liderin iştirak etdiyi toplantıda çıxış edib. Toplantıda Livanın xristian və islam məzhəblərinin liderləri, həmçinin “Sistema Beirut Chants” xoru və İmam Sədr Fondunun musiqi qrupu çıxış ediblər.
Papa deyib: “Siz sülh yaratmağa, dözümsüzlüyə qarşı durmağa, zorakılığı dayandırmağa, təcrid olunmanı aradan qaldırmağa və ədalətə aparan yolu göstərməyə çağırılırsınız. Birgə yaşamağın uzaq bir xəyal kimi göründüyü bir dövrdə fərqli dinləri qəbul edən Livan xalqı qorxunun və qərəzin son söz olmadığını və birliklə sülhün mümkün olduğunu göstərdi’’.
Məlumata əsasən, Suriya Katolik Patriarxı İqnatius III Cozef Yunan toplantıda açılış nitqi ilə çıxış edib. Daha sonra Bizans ayinlərinə uyğun olaraq İncildən bir hissə oxunub, ardınca Qurandan tilavət səsləndirilib.
Xristian din xadimlərinin çıxışlarından sonra Livanın Baş Müftisi Şeyx Əbdüllatif Dəryan Papanı salamlayaraq Livanın “mesaj ölkəsi, bu mesajın daşıyıcısı və dünya miqyasında sülh və təhlükəsizliyin keşikçisi” olduğunu vurğulayıb.
Ali İslam Şiə Şurasının vitse-prezidenti Şeyx Əli əl-Xətib isə deyib: “Biz silah gəzdirməyi sevmirik və Livan məsələsini sizin əlinizə buraxırıq. Ümid edirik ki, dünya ölkəmizə çıxış yolu tapmağa kömək edəcək’’.












