İsrail ordusu atəşkəs razılaşmasını növbəti dəfə pozaraq Qəzza şəhərində mülki avtomobili hədəf alıb. Qəzza Mülki Müdafiə İdarəsindən verilən məlumata görə, şəhərin qərbindəki Şifa küçəsindəki "Əl-Vəhdə" qülləsi yaxınlığında mülki nəqliyyat vasitəsinə endirilən hava zərbəsi nəticəsində 2 fələstinli həyatını itirib, 3 nəfər isə yaralanıb. Tibbi mənbələr də ölü və yaralıların olduğunu təsdiqləyib.
Hücumun İsrail ordusunun atəşkəs razılaşması çərçivəsində geri çəkildiyi ərazidə baş verdiyi bildirilir. Sözügedən ərazi ABŞ Prezidenti Donald Trampın Qəzzadakı müharibəni dayandırmaq planının ikinci mərhələsinə əsasən, İsrail qüvvələrinin geri çəkildiyi "Sarı xətt" bölgəsində yerləşir. Bu xətt İsrail ordusunun tam nəzarətindəki zonaları fələstinlilərin hərəkətinə icazə verilən ərazilərdən ayırır.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzada törətdiyi və böyük dağıntılara səbəb olan hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 72 mindən çox insan həyatını itirib, 172 mindən çox insan isə yaralanıb. Bölgədə 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu hücumlarını davam etdirir. Qəzza Səhiyyə Nazirliyinin son məlumatlarına görə, atəşkəsdən sonra həyata keçirilən hərbi əməliyyatlarda ən azı 870 fələstinli ölüb, 2543 nəfər isə xəsarət alıb.












