İQTİSADİYYAT
2 dəqiqə oxuma
İraq Hörmüz boğazının bağlanmasından sonra neft ixracı üçün Kərkük–Türkiyə boru xəttinə yönəlir
Bağdad Körfəz münaqişəsinin dünyanın ən kritik neft boğazlarından birində daşımaları axsatması səbəbindən istehsalı azaldır və yeni ixrac marşrutları axtarır
İraq Hörmüz boğazının bağlanmasından sonra neft ixracı üçün Kərkük–Türkiyə boru xəttinə yönəlir
Kərkük–Türkiyə boru xətti / Reuters
6 saat əvvəl

Hörmüz boğazının bağlanmasının neft nəqlini dayandırmasından sonra İraq xam neft ixracı üçün alternativ yollar hazırlayır. Rəsmilər Kərkük–Ceyhan neft boru xətti vasitəsilə Türkiyəyə ixracın bir neçə gün ərzində yenidən başlaya biləcəyini bildiriblər.

İraqın Baş nazir müavini və neft naziri Həyyan Əbdülqəni martın 16-da verdiyi açıqlamada rəsmi Bağdadın davam edən regional müharibənin səbəb olduğu fasilələrdən sonra ixrac potensialını yenidən bərpa etmək üçün təxirəsalınmaz addımlar atdığını qeyd edib.

Əbdülqəni yaydığı açıqlamada İraqın OPEC kvotası çərçivəsində gündəlik təxminən 4,4 milyon barel neft istehsal etdiyini, bunun təxminən 3,4 milyon barelinin ixrac edildiyini bildirib.

Qeyd edvideoaçıqlamadak ki, ixracın böyük hissəsi Bəsrə Neft Terminalı kimi cənubdakı müəssisələr vasitəsilə həyata keçirilirdi.

Lakin Körfəz enerji nəqliyyatı üçün həyati əhəmiyyətə malik dəniz yolu olan Hörmüz boğazının bağlanması İraqı ixracı dayandırmağa və istehsalı kəskin şəkildə azaltmağa məcbur etdi.

Nazir “Neft istehsalı artıq daxili tələbatı ödəmək məqsədilə gündəlik təxminən 1,5–1,6 milyon barel səviyyəsinə endirilib” deyib. O, neft emalı zavodlarının benzin, dizel, LPG və digər yanacaqları təmin etmək üçün tam gücü ilə işlədiyini də sözlərinə əlavə edib.

Enerji təhlükəsizliyini təmin etmək üçün fövqəladə ehtiyatların da qorunduğu qeyd edilib.

Yeni ixrac marşturları axtarılır

Bağdad rəhbərliyi neftin qlobal bazarlara axınını davam etdirmək üçün hazırda bir neçə alternativ ixrac marşrutunu dəyərləndirir.

Əbdülqəni neftin tezliklə Kərkük boru xətti vasitəsilə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına daşına biləcəyini deyib. Sözügedən xətt gündəlik 200 min ilə 250 min barel daşıma gücünə malikdir.

Boru xəttindəki test və texniki xidmət işlərinin böyük ölçüdə tamamlandığı, təxminən 100 kilometrlik hissədə davam edən hidrostatik testlərin isə bir həftə ərzində bitməsinin gözlənildiyi bildirilib.

Xətt fəaliyyətə başladıqda xam neft birbaşa Kərkük neft yataqlarından boru xəttinə veriləcək və İraq Kürd Regional Rəhbərliyinin nəzarətindəki ərazilərdən keçmədən Türkiyəyə çatdırılacaq.

İraq həmçinin neftin Suriyadakı Baniyas limanı vasitəsilə göndərilməsi və İordaniyadakı Akabe limanına uzanan bir boru xətti vasitəsilə ixrac edilməsi kimi əlavə variantları da nəzərdən keçirir.

Bu hazırlıqlar Körfəzdəki münaqişənin qlobal enerji tədarükü üzərindəki iqtisadi təsirinin getdikcə böyüdüyünü göstərir. Dünyanın ən böyük neft istehsalçılarından biri olan İraq bölgənin əsas dəniz nəqliyyat dəhlizi bağlı qalarkən ixracını davam etdirmək üçün yeni yollar axtarır.