DÜNYA
2 dəqiqə oxuma
Braziliyanın sabiq prezidenti Jair Bolsonaru 27 il müddətinə azadlıqdan məhrum olunub
Bu qərar Vaşinqtonla Braziliya arasındakı münasibətləri də gərginləşdirib
Braziliyanın sabiq prezidenti Jair Bolsonaru 27 il müddətinə azadlıqdan məhrum olunub
/ Reuters
12 sentyabr 2025 г.

Braziliya Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Jair Bolsonaronu dövlət çevrilişinə cəhd ittihamı ilə təqsirli bilib və onu 27 il həbs cəzasına məhkum edib. Bu qərar ABŞ tərəfindən kəskin tənqid olunub.

Bolsonaronun təqsirli bilinməsi və həbs cəzasına məhkum edilməsi barədə qərarı Ali Məhkəmənin dörd hakimi - Aleşandri di Morays, Flaviu Dinu, Karmen Lusiya və Kriştianu Zanin qəbul edib. Hakim Luis Fuks siyasətçiyə bəraət verilməsinin lehinə çıxış edib. Bolsonaro 1 nəfər əleyhinə, 4 səslə təqsirkar bilinib.

Keçən aydan ev dustaqlığında olan Bolsonaro məhkəmə dinləmələrində iştirak etməyib. O, özünü siyasi təqibin qurbanı hesab edir. ABŞ-ın keçmiş prezidenti və onun yaxın müttəfiqi Donald Tramp isə bu prosesi “cadugər ovu” adlandırıb və buna cavab olaraq Braziliyadan idxal olunan məhsullara 50 faiz gömrük rüsumu tətbiq edildiyini açıqlayıb.

Tramp cümə axşamı jurnalistlərə açıqlamasında deyib:
“Mən bu məhkəmə prosesini izlədim. Jairi yaxşı tanıyıram və onun Braziliyanın yaxşı prezidenti olduğunu düşünürdüm. Belə bir şeyin baş verməsi doğrudan da şok edicidir.”

Məhkəmənin qərarı Braziliya cəmiyyətində fikir ayrılıqlarına səbəb olub. Bir qisim bunu ədalətli bir cavabdehlik addımı kimi qiymətləndirirsə, digərləri bunu siyasi motivli “şou məhkəməsi” kimi qiymətləndirir.

Bolsonaronun tərəfdarları hazırda Konqresə təzyiq göstərərək onun azadlığını təmin edəcək amnistiya qanununun qəbulunu tələb edirlər.

Qeyd edək ki, hadisə Vaşinqtonla Braziliya arasındakı münasibətləri də gərginləşdirib. Tariflərə əlavə olaraq, ABŞ Ali Məhkəmənin hakimi Aleşandri di Morays və digər bəzi hakimlərə qarşı sanksiyalar tətbiq edib.

Tənqidçilər bildirirlər ki, bu addım Braziliyanın məhkəmə sisteminə təzyiq etmək məqsədi daşıyır və onun müstəqilliyini zəiflədə bilər.

ABŞ dövlət katibi Marko Rubio məsələ ilə bağlı sosial media platforması ‘‘X’’də (keçmiş Twitter) paylaşım edərək bildirib ki, ABŞ Cənubi Amerikanın ən böyük iqtisadiyyatına qarşı tətbiq etdiyi sərt rüsumlarla bu “cadugər ovuna” cavab verir.

Rubio paylaşımında həmçinin bu fadələrə yer verib:
“İnsan haqlarını pozduğuna görə sanksiyaya məruz qalan Aleksandr di Moraysin siyasi təqibi davam edir. O və Braziliya Ali Məhkəməsinin digər üzvləri keçmiş prezident Jair Bolsonaronu haqsız yerə cəzalandırdılar. Amerika Birləşmiş Ştatları bu ədalətsizliyə qarşı layiqli cavab verəcək.”