SİYASƏT
2 dəqiqə oxuma
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Vaşinqton administrasiyası İsrail, Livan və ABŞ arasında əldə olunan yeni çərçivə sazişinin mətnini açıqlayıb
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb / Reuters

Vaşinqton administrasiyası İsrail, Livan və ABŞ arasında əldə olunan yeni çərçivə sazişinin mətnini açıqlayıb. ABŞ-də imzalanan 14 maddəlik tarixi sənədə əsasən, İsrail və Livan regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün ortaq niyyətlərini rəsmi şəkildə bəyan ediblər.

ABŞ-nin vasitəçiliyi və ikitərəfli danışıqlar yolu ilə icra olunacaq sazişə əsasən, Livan Silahlı Qüvvələri ölkədəki qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsi və onların infrastrukturunun tamamilə ləğv olunmasından sonra bütün Livan ərazisi üzərində suverenliyini bərpa edəcək. Bu proses çərçivəsində İsrail qüvvələrinin Livan ərazisindən mərhələli şəkildə çıxarılması təmin ediləcək və ABŞ prosesin gedişatına nəzarət edəcək yoxlama mexanizmlərini müəyyənləşdirəcək.

Keçid mərhələsində ilkin pilot ərazilər yaradılacaq. Bu ərazilər həm İsrail qüvvələrinin geri çəkilməsi, həm də Livan ordusunun həmin yerlərdə nəzarəti təmin etməsi üçün baza rolunu oynayacaq. İlkin mərhələdə tərəflər iki ərazi barədə razılığa gəlsələr də, növbəti zonalar qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq. Xüsusilə ‘‘Hizbullah’’ da daxil olmaqla, qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsinin ardından Livan Silahlı Qüvvələri bu ərazilərdə təhlükəsizliyə görə tam məsuliyyəti öz üzərinə götürəcək.

Livan hökuməti müqavilə çərçivəsində güc tətbiq etmək səlahiyyətinin yalnız dövlətə məxsus olacağını, bütün qeyri-dövlət silahlı qruplarının tamamilə silahsızlaşdırılacağını və onların ölkədə hər hansı bir hərbi-təhlükəsizlik rolunun qalmayacağını öhdəsinə götürüb. Beyrüt administrasiyası bu məqsədlərə çatmaq üçün başda ərəb ölkələri olmaqla ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq tərəfdaşlardan dəstək alacaq. İsrail və Livan sülh müqaviləsini hazırlamaq üçün birgə işçi qrupları və ABŞ vasitəsilə əlaqə kanalları yaradacaqlar.

Sənədə əsasən, İsrail Livandakı hərbi fəaliyyətinin yalnız ‘‘Hizbullah’’ və digər qruplaşmaların təhdidlərinə cavab xarakteri daşıdığını bildirib. İsrail hökuməti Livan ərazisi ilə bağlı heç bir iddialı ambisiyasının olmadığını bəyan edib.

Qeyd edək ki, İsrail onilliklərdir Livanın cənubunun bir hissəsini, son müharibədən bəri isə digər ərazilərini işğal altında saxlayır və son hücumlar zamanı Livan ərazisinin daxilinə doğru 10 kilometrdən çox irəliləyib. Livanın rəsmi məlumatlarına görə, İrailin 2026-cı il martın 2-də başlatdığı hücumları nəticəsində indiyədək 4 mindən çox insan həyatını itirib, 12 mindən çox insan yaralanıb və 1 milyondan çox sakin məcburi köçkün vəziyyətinə düşüb.