Türkiyənin birinci xanımı Əminə Ərdoğan beynəlxalq ictimaiyyəti ailə institutunun möhkəmləndirilməsi üçün yeni yanaşma formalaşdırmağa çağırıb. O, doğum nisbətlərinin azalması və əhalinin sürətlə qocalmasının cəmiyyətləri “ailədən sonrakı reallığa” doğru apardığı barədə xəbərdarlıq edib.
"Growing Europe 2025" adlı beynəlxalq sammitin iştirakçılarına müraciət edən Əminə Ərdoğan bildirib ki, bir vaxtlar ailələrin bir araya gəldiyi geniş ailə modelləri, birlikdə qeyd olunan bayramlar və müxtəlif nəsillərin eyni masa ətrafında toplaşdığı günlər artıq dünyanın nostalji arxivinə çevrilib.
Birinci xanım vurğulayıb ki, bu dəyişiklik təkcə mədəni transformasiya deyil, eyni zamanda ailənin cəmiyyətin əsas təşkilatçı nüvəsi kimi rolundan uzaqlaşmasının göstəricisidir.
Ə.Ərdoğan qlobal demoqrafik trendlərə diqqət çəkərək, qadın başına düşən doğum sayının 2,2-yə qədər azaldığını bildirib. Onun sözlərinə görə, 2030-cu ilə qədər dünya əhalisinin hər altı nəfərindən biri 60 yaşdan yuxarı olacaq, 80 və daha yuxarı yaşda olanların sayı isə 2050-ci ilə qədər üç dəfə artacaq.
Türkiyənin bu çağırışlara verdiyi cavabdan danışan Ərdoğan qeyd edib ki, 2025-ci il ölkədə Ailə İli, 2026–2035-ci illər isə Ailə və Əhali Onilliyi elan olunub.
O, həmçinin ailə həyatını şəxsi azadlıqlara maneə kimi təqdim edən mədəni yanaşmanı tənqid edərək, müasir mədəniyyət sənayesinin fərdiliyi önə çıxardığını və ailəni kölgədə qoyduğunu bildirib
Birinci xanım sammitin bu mənfi tendensiyalara qarşı mübarizəyə töhfə verəcəyinə və ailə mərkəzli siyasətlərin gücləndirilməsi üçün daha konkret öhdəliklərin qəbul edilməsinə imkan yaradacağına ümid etdiyini bildirib.






















