Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Marko Rubio (Marco Rubio) Vaşinqton ilə Tehran arasındakı danışıqların dayandırılmasından sonra İranın xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu nümayəndə heyətindən ölkəni dərhal tərk etməsini tələb etdiyi irəli sürülüb.
"Axios" xəbər platformasına açıqlama verən ABŞ rəsmisi Ağ Evin 28 sentyabr bazar ertəsi günü səhər saatlarında İranla aparılan müzakirələrdə gün ərzində irəliləyiş əldə oluna biləcəyini proqnozlaşdırdığı halda, günortadan sonra danışıqların çıxılmaz yola girdiyi qənaətinə gəldiyini iddia edib.
Bunun qarşısında Rubionun göstərişi ilə elə həmin günün axşamı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak etmək üçün ölkədə olan Əraqçi və müşayiətindəki heyətdən Nyu-Yorku dərhal tərk etməsi istənildiyi irəli sürülüb.
İran nümayəndə heyətinin bir neçə saat sonra hava limanına gedərək Qətərin paytaxtı Dohaya uçan təyyarəyə mindiyi bildirilib.
Rubionun "səbri tükənib"
"Associated Press" (AP) agentliyinə danışan və adlarının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi də Əraqçinin ilkin plana görə 30 sentyabradək Nyu-Yorkda qalmalı olduğunu iddia edib.
Rəsmilər bu müddət ərzində Əraqçinin Hörmüz boğazının yenidən açılması, qarşıdurmaların dayandırılması və İranın nüvə proqramına dair danışıqların bərpası məqsədilə ABŞ ilə vasitəli yolla müzakirələr aparmasının nəzərdə tutulduğunu bildiriblər.
Həftəsonu qətərli vasitəçilərin də daxil olduğu təmaslarda məhdud irəliləyiş əldə edildiyini qeyd edən rəsmilər Rubionun "səbrinin tükəndiyini" və İran heyətinin dərhal getməsini tələb etdiyini iddia ediblər.
İran iddiaları təkzib edib
İranın BMT-dəki daimi nümayəndəliyinin ABŞ-də fəaliyyət göstərən "X" şirkətinin sosial media platformasındakı hesabından məsələ ilə bağlı açıqlama verilib.
Açıqlamada nümayəndə heyətinin ABŞ tərəfindən Nyu-Yorkdan getməyə məcbur edilməsi barədə iddialar rədd edilib, heyətin sentyabrın 17-də ABŞ Dövlət Departamentinə əvvəldən çatdırılmış proqrama uyğun olaraq sentyabrın 28-də axşam saatlarında ölkədən ayrıldığı qeyd olunub.




















