İstanbul Universitetinin Dəniz Elmləri və İdarəetmə İnstitutu həssas sahil ekosistemlərinin qorunması məqsədilə süni intellektlə dəstəklənən peyk görüntülərindən və dronlardan istifadə etməklə təhlükə altında olan dəniz otlarının monitorinqinə yönəlmiş layihəyə start verib.
Sözügedən təşəbbüs dəniz suyunun temperaturunun yüksəlməsi, dəniz çirklənməsi, sahilboyu inkişaf və gəmilərin nəzarətsiz şəkildə lövbər salması səbəbindən təhlükə altında olan dəniz otlarınnın bərpasını hədəfləyir.
Layihə Türkiyənin qərbində, Balıkəsir sahilləri boyunca Mərmərə və Egey dənizlərinin bəzi hissələrini də əhatə edən pilot ərazilərə fokuslanacaq. Uzaqdan müşahidə texnologiyaları vasitəsilə əldə edilən məlumatlar elmi qruplar tərəfindən həyata keçirilən sualtı tədqiqat dalışları ilə təsdiqlənəcək.
“Paşalimanı adası Harmanlı körfəzi layihəsi” adlanan təşəbbüs inkişaf etmiş uzaqdan müşahidə üsulları vasitəsilə Mərmərə dənizində yerləşən “Posidonia oceanica” dəniz çəmənliklərinin monitorinqi və mühafizəsi üçün praktik və davamlı metodların hazırlanmasını nəzərdə tutur.
Dəniz otları sahil ekosistemləri üçün həyati əhəmiyyət daşıyır
“Anadolu” agentliyinə açıqlama verən İnstitutun direktoru, professor Cem Qazioğlu bildirib ki, dəniz otları yüksək karbon tutma potensialı, oksigen istehsalı və bir çox dəniz növü üçün yaşayış mühiti yaratması baxımından sahil ekosistemlərinin ən vacib tərkib hissələri sırasındadır.
Layihədə iştirak edən tədqiqat dalğıcı və dəniz bioloqu Selahattin Ünsal Karhan dəniz otlarının bəzən dəniz yosunları ilə qarışdırıldığını qeyd edərək deyib: “Dəniz otları kök, gövdə və yarpaqlara malik, çiçək açan və toxum verən bitkilərdir. Bu bitkilər yosunlarla deyil, qurudakı çiçəkli bitkilərlə qohumdurlar.”
S.Ü.Karhan Aralıq dənizində beş dəniz otu növünün mövcud olduğunu və “Posidonia oceanica” növünün regiona endemik hesab edildiyini də əlavə edib.
Adətən “Aralıq dənizinin ağciyərləri” kimi xarakterizə olunan bu növ oksigen istehsalı və karbonun saxlanması baxımından mühüm rol oynayaraq Aralıq dənizindəki dəniz növlərinin təxminən 25 faizinin həyat dövrünü dəstəkləyir.
İnstitut dəniz otlarının son dərəcə yavaş inkişaf etdiyini vurğulayaraq, insan fəaliyyəti və ya ətraf mühit stressi nəticəsində yaranan zədələrin bərpasının onilliklər çəkə biləcəyini, bu səbəbdən əvvəlcədən aşkarlama və fasiləsiz monitorinqin xüsusi əhəmiyyət daşıdığını bildirir.















