Polşa hərbi polisinə ait mənbəyə istinadən bildirilir ki, mənşəyi müəyyən edilməyən bir pilotsuz uçuş aparatı (PUA) təhlükəsiz zonaya düşüb. Ölkənin şimal-şərqində yerləşən hərbi obyektin daxilində, sursat anbarı olan qorunaqlı məkanın yaxınlığına PUA-nın necə daxil olduğu araşdırılır.
Hadisə yanvarın 28-də paytaxt Varşavadan təxminən 90 kilometr şimalda yerləşən Pşasnış şəhərindəki 2-ci Radioelektronika Mərkəzində baş verib. “Radio Zet”in məlumatına görə, növbətçi əməkdaş PUA-nı baza üzərində uçarkən görüb. Verilən məlumata görə, aparat daha sonra idarəetməni itirərək silah saxlanılan sahənin yaxınlığına düşüb.
Hərbçilər PUA-nı zərərsizləşdirərək araşdırma üçün hərbi binaya aparıblar.
Hərbi polis baş komandanının sözçüsü bildirib ki, müstəntiqlər cihazı nəzarət altına alıb və şahid ifadələrinin toplanması da daxil olmaqla istintaqa başlayıblar.
Oxşar PUA fəaliyyətləri
Baş verən insident Polşada və ümumilikdə NATO məkanında həssas hərbi və infrastruktur obyektlərinin yaxınlığında icazəsiz PUA fəaliyyətləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Bu narahatlıqlar xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi və ucuz PUA texnologiyasının sürətlə yayılmasından sonra daha da artıb.
Oxşar hadisələrin Almaniya və Baltikyanı ölkələrdə də qeydə alındığı bildirilir. Təhlükəsizlik qurumları təlim sahələri, limanlar və enerji obyektləri yaxınlığında hara məxsus olduğu müəyyən edilməyən PUA-ların dəfələrlə görülməsi faktlarını araşdırır. Bu vəziyyət mudafiə sahəsində casusluq ilə bağlı ehtimalları gücləndirib.
Polşa rəsmiləri indiyədək Pşasnışdakı insidentin qəsdən törədildiyini göstərən hər hansı sübutun olmadığını bəyan etsələr də, operator xətası, texniki nasazlıq və ya qəsdən kəşfiyyat ehtimalları hələ də nəzərdən keçirilir.
Qeyd edək ki, Polşa Müdafiə Nazirliyi PUA-nın mənşəyi, növü və üzərində kamera və ya başqa yükün olub-olmaması ilə bağlı açıqlama verməyib.














