Rəsmi Tehran hər hansı dialoqu rədd edir və münaqişənin gərginləşəcəyi barədə xəbərdarlıq edir.
ABŞ prezidenti Donald Trampın bu gün (24 mart 2026) Vaşinqtonun müharibəni bitirmək üçün İranla danışıqlar apardığını söyləməsinə baxmayaraq, ABŞ-İsrail hücumları son günlərdə İranın bir çox şəhərini vurmağa davam edib.
Tramp administrasiyasının şəxsiyyəti açıqlanmayan "yüksək səviyyəli rəsmi" ilə görüşdüyünü bildirərkən, danışıqların növbəti beş gün ərzində uğursuz olacağı təqdirdə "canımız bahasına bombalamağa davam edəcəyik" xəbərdarlığını edib. Tehran isə tərəflər arasında hər hansı dialoqun baş tutmadığını bildirib.
Netanyahu Tramp ilə görüşdüyünü və Vaşinqtonun bir razılaşmanın mümkün olduğunu düşündüyünü qəbul etsə də, İsraili qorumaq üçün İran və Livanı vurmağa davam edəcəyini deyib.
Bu gün səhər saatlarında İran raketləri və pilotsuz uçuş aparatları İsrail və Körfəz ərəb dövlətlərini hədəf alıb. İsrail xilasetmə qrupları şimalda zərər görmüş binanın görüntülərini nümayiş etdirsələr də, hər hansı can itkisi barədə məlumat verməyiblər. Livan dövlət mediası da İsrailin gecə boyu Beyrutun cənubuna yeddi ayrı hava hücumu təşkil etdiyini bildirib.
ABŞ-İran danışıqları şübhə altındadır
"Axios" saytı adı açıqlanmayan israilli rəsmiyə istinadən Trampın həmsöhbətinin İran İslami Şura Məclisinin sədri və ən nüfuzlu qeyri-ruhani simalarından biri olan Məhəmməd Baqer Qalibaf olduğunu qeyd edib.
Xəbər mənbəsi ABŞ müzakirəçiləri Stiv Vitkoff (Steve Witkoff) və Cared Kuşnerin (Jared Kushner) bu həftə ərzində Pakistanda İran nümayəndə heyəti ilə görüşə biləcəyini və vitse-prezident Cey Di Vensin (JD Vance) də çox güman ki, bu görüşə qatılacağını bildirib.
Ağ Evin sözçüsü Karolin Livitt (Karoline Leavitt) bu barədə xəbərləri təkzib etməyərək, "Danışıqlar haqqında fərziyyələr Ağ Ev tərəfindən rəsmən açıqlanana qədər qəti hesab edilməməlidir" deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai "bəzi dost ölkələrdən ABŞ-nin müharibəni bitirməyə yönəlmiş müzakirə tələblərini göstərən mesajlar aldıqlarını" söyləyib, lakin İranın rəsmi İRNA xəbər agentliyinə görə, o, belə bir görüşün baş tutduğunu təkzib edib.
Tramp geri addım atdı
Trampın martın 23-də ölkənin enerji infrastrukturunu hədəf alma hədəsindən geri çəkilməsindən sonra İranın qonşuları rahat nəfəs alıb. Tehran cavab olaraq region boyu dəniz minaları yerləşdirməyi və enerji ilə su infrastrukturunu hədəf almağı vəd etmişdi. Belə bir ssenari onsuz da tarixi həddə çatmış enerji böhranını daha da kəskinləşdirməklə hədələyir.
Təhlükəsizlik analitiki və keçmiş İsrail kəşfiyyatının İran üzrə mütəxəssisi Danni Sitrinoviç (Danny Citrinowicz) "X" platformasında yazıb: "Tramp İranın enerji infrastrukturuna hücum etməyin birbaşa və əhəmiyyətli bir cavab zərbəsinə səbəb olacağını dərk edərək ilk geri addımını atdı."
ABŞ-nin minlərlə dəniz piyadas, Trampın İranın neft ehtiyatlarını ələ keçirmək və ya Hörmüz boğazını güclə yenidən açmaq üçün quru əməliyyatları planlaşdırdığına dair fərziyyələrdən sonra Amerikanın Yaxın Şərqdəki mövcudluğunu gücləndirmək üçün regiona doğru yola düşüb.
İqtisadiyyat üçün ciddi təhdid
Tehran ABŞ və İsrailin İrana müharibə elan etməsindən bəri qlobal xam neftin beşdə birinin keçid yolu olan Hörmüz boğazındakı hərəkəti məhdudlaşdıraraq və Körfəz enerji obyektlərinə, ABŞ səfirliklərinə və İsraildəki hədəflərə hücum edərək cavab verib.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol xəbərdarlıq edib ki, müharibə davam edəcəyi təqdirdə gündəlik neft itkiləri həm 1970-ci illərin neft şoklarının, həm də Rusiyanın Ukraynaya müdaxiləsinin birgə təsirindən daha ağır bir böhrana gətirib çıxaracaq.
Neft qiymətləri münaqişə səbəbindən bir barell üçün 100 dolları keçmişdi, lakin Trampın açıqlamalarından sonra kəskin şəkildə ucuzlaşıb. Asiya bazarları Trampın bəyanatından sonra Avropa və Uoll Stritdəki (Wall Street) artımı izləyərək bu gün yüksəliş nümayiş etdirib.
Tramp iranlı müzakirəçilərlə artıq "mühüm razılaşma nöqtələri" olduğunu bildirib. O qeyd edib ki, ABŞ-nin şərtləri arasında İranın nüvə iddialarından imtina etməsi və zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsi yer alır.
Livan quru əməliyyatı
Tramp müharibə üçün dəyişən vaxt qrafikləri və hədəflər təqdim edərək, martın 27-də əməliyyatı "azaltmağı" düşündüyünü söyləsə də, daha sonra İranın 90-dan çox elektrik stansiyasını vurmaqda hədələyib.
Livanda İsrail İranın dəstəklədiyi Hizbullaha qarşı quru əməliyyatını genişləndirib, "həftələrlə davam edəcək döyüşlər" barədə xəbərdarlıq edib,martın 23-də Beyrutun cənubuna yenidən hücum edib və iki Hizbullah döyüşçüsünü əsir götürdüyünü irəli sürüb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Livandakı hücumları 1 000-dən çox insanın ölümünə və bir milyondan çox insanın didərgin düşməsinə səbəb olub.
ABŞ-də yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, müharibədə ən azı 3 230 iranlı ölüb ki, onların 1 406-sı mülki şəxsdir. AFP hücum bölgələrinə daxil ola bilmədiyi üçün İrandakı itkiləri müstəqil şəkildə təsdiqləyə bilmir.
















