Türkiyə Xarici İşlər Nazirliyi 1963-cü ildə Canubi Kipr yunan terror təşkilatı EOKA-nın hücumları nəticəsində şəhid olanları hörmət və ehtiramla anıb.
Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən sosial media platforması “NSosial” üzərindən yayımlanan açıqlamada deyilir: “Yunanların vəhşi hücumları nəticəsində həyatını itirən bütün kiprli türk qardaşlarımızı rəhmətlə anır, qazilərimizə dərin minnətdarlığımızı bildiririk.”
Açıqlamada həmçinin Türkiyənin “Kipr milli mübarizəsi” uğrunda canlarını fəda etmiş şəhidlərini heç vaxt unutmayacağı xüsusi vurğulanıb.
“Tarixin silinməz qara ləkəsi”
Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz da qurbanları anaraq “Qanlı Milad”ı “tarixin silinməz qara ləkəsi” kimi qiymətləndirib.
C.Yılmaz “NSosial” platformasında paylaşdığı açıqlamada bildirib ki, bu qətliam terrorçu EOKA-nın Kipr türk xalqını məhv etmək və adanı işğal etmək cəhdlərini simvolizə edir. O qeyd edib ki, həmin planlar “Anavətən Türkiyə ilə çiyin-çiyinə dayanan Kipr türk xalqının qətiyyətli müqaviməti sayəsində” uğursuzluğa düçar olub.
Cevdet Yılmaz qətliamlarda həyatını itirənlərlə yanaşı, Kipr türk xalqının lideri Fazil Küçükü və qurucu Prezident Rauf Denktaşı da ehtiramla yad edib. O vurğulayıb ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti əbədi olaraq çiyin-çiyinə dayanacaq.
Açıqlamada deyilir: “Düz 62 il əvvəl bu gün Kipr yunan terror təşkilatı EOKA üzvləri Kiprdakı türk xalqına qarşı amansız hücumların başlanğıcı olan (Qanlı Milad) qətliamını həyata keçirdi. EOKA terrorçuları zəmanətçi dövlət olan Türkiyənin sarsılmaz dəstəyi, eləcə də başda Türk Müqavimət Təşkilatının (TMT) qəhrəman üzvləri olmaqla azadlıq və suverenlik uğrunda mübarizə aparan Kipr türklərinin cəsarətli müqaviməti sayəsində xain niyyətlərinə çata bilmədilər.”
“Qanlı Milad”
Qeyd edilən anım tədbirləri 1963-cü il dekabr 21-də terrorçu EOKA silahlılarının ada boyunca Kipr türklərinə qarşı hücumlara başlaması ilə tarixə düşmüş və “Qanlı Milad” adı ilə tanınan qətliamın 62-ci ildönümünü əhatə edir.
Xatırladaq ki, terrorçu EOKA-ya bağlı silahlı Kipr yunan qrupları iki icmanın ortaq tərəfdaşlığı əsasında yaradılmış Kipr Respublikasının iki icmalı quruluşundan kiprlı türkləri zorla çıxarmağı hədəfləyən “Akritas” planını həyata keçirməyə cəhd göstəriblər.
1963-cü il dekabrın 20-dən 21-nə keçən gecə EOKA ilə əlaqəli yunan silahlı dəstələri Lefkoşada hücumlara başlayaraq onlarla Kipr türkünü qətlə yetirib.

















