İsrail qüvvələri Qəzzaya doğru hərəkət edən ‘‘Azadlıq donanması’’na aid üç gəmiyə beynəlxalq sularda, Qəzza sahillərindən təxminən 222 kilometr aralıda hücum edib.
Bu barədə Qəzzadakı Blokadanın Aradan Qaldırılması üzrə Beynəlxalq Komitənin rəsmi "X" səhifəsində paylaşım edilib.
“Donanmaya aid üç gəmi səhər saat 04:34 radələrində Qəzza sahillərindən 220 kilometr aralıda İsrail hərbçiləri tərəfindən hücuma məruz qalıb”, – paylaşımda bildirilib.
‘‘Azadlıq donanması’’nın YouTube kanalında yayımlanan görüntülərdə İsrail əsgərlərinin "Gaza Sunbird" gəmisinə hücum etdiyi görünür. İsrailin "Kanal 13" telekanalı daha əvvəl yaydığı məlumatda İsrail ordusunun donanmaya hücum etməyə hazırlaşdığını bildirmişdi.
‘‘Azadlıq donanması’’ daha sonra rəsmi "Instagram" səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: “İsrail Qəzza sahillərindən təxminən 120 dəniz mili uzaqlıqdakı donanmamıza hücum etdi. İsrail ordusunun beynəlxalq sularda hüquqi yurisdiksiyası yoxdur. Donanmamız heç bir təhlükə yaratmır”.
Məlumatda qeyd olunub ki, gəmilər Qəzzaya 110 min ABŞ dolları məbləğində tibbi yardım aparırdı.
2010-cu ildə yaradılan ‘‘Azadlıq donanması’’ İsrailin mühasirəsi altında olan Qəzzaya yardım çatdırmaq və qlobal diqqəti bölgədəki humanitar böhrana yönəltmək məqsədi ilə bir çox missiya həyata keçirib.
Qeyd edək ki, gəmilər İsrail hərbi dəniz qüvvələrinin keçən həftə Qəzzaya gedən Qlobal Qətiyyət Donanmasına aid 40-dan çox gəmiyə hücum edərək 450-dən çox fəalı saxlamasından sonra yola düşüb.
İsrail bundan əvvəl də Qəzzaya gedən gəmilərə hücum edib, onların yüklərini ələ keçirib və fəalları deportasiya edib.
İsrail təxminən 2,4 milyon insanın yaşadığı Qəzzanı 18 ildir ki, mühasirə altında saxlayır. Mart ayında sərhəd keçidlərini bağlayaraq ərzaq və dərman daşınmasını məhdudlaşdıraraq bölgədə hökm sürən aclıq və humanitar böhranı dərinləşdirib.
İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 67.100-dən çox fələstinli həyatını itirib, bölgə yaşayış üçün yararsız vəziyyətə düşüb.













