DÜNYA
2 dəqiqə oxuma
Suriya prezidenti Ə.Şaraa ölkənin gücləndiriləcəyi sözünü verib
Ə.Şara Dəməşqdə yerləşən Əməvi məscidində sübh namazından sonra xalqa müraciət edib
Suriya prezidenti Ə.Şaraa ölkənin gücləndiriləcəyi sözünü verib
Suriya prezidenti Ə.Şaraa ölkənin gücləndiriləcəyi sözünü verib / AA
8 dekabr 2025

Suriya xəbər agentliyi SANA bildirir ki, prezident Əhməd Şaraa Əsəd rejiminin süqutunun birinci ildönümündə ölkənin bugününə və keçmişinə layiq bərpa işlərinin yeni mərhələsinə başlandığını bəyan edib.

Paytaxt Dəməşqdə Əməvi məscidində sübh namazını qıldıqdan sonra hərbi geyimdə xalqa müraciət edən Ə.Şaraa deyib:

“Heç kim, nə qədər böyük olsa belə, yolumuzu kəsə bilməyəcək. Heç bir maneə bizi dayandıra bilməz. Birlikdə, Allahın izni ilə, bütün çətinliklərin öhdəsindən gələcəyik. Şimaldan cənuba, şərqdən qərbə qədər, inşallah, Suriyanı bu gününə, keçmişinə və qədim irsinə uyğun şəkildə, yenidən güclü bir ölkə kimi quracağıq!”

Dövlət başçısı qeyd edib ki, növbəti mərhələ müdafiəsiz təbəqələrə yardım göstərilməsi və cəmiyyətdə ədalətin bərpası prinsipi üzərində qurulacaq.

SANA xəbər verir ki, Ə.Şaraa Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Səlmanın ona təqdim etdiyi Kəbə örtüyünün bir hissəsini Əməvi məscidinə yerləşdirib.

Xatırladaq ki, təxminən 25 il Suriyaya rəhbərlik etmiş Bəşər Əsəd ötən ilin dekabrında Rusiyaya qaçaraq 1963-cü ildən hakimiyyətdə olan BƏƏS Partiyası idarəçiliyinə son verib. Şaranın rəhbərlik etdiyi keçid hökuməti isə yanvar ayında formalaşdırılıb.

 

Daha yaxşı gələcəyə doğru

Suriyalılar 61 illik BƏƏS idarəçiliyinin devrilməsinin ildönümünü bayram abu-havası ilə qeyd edərək ölkənin azad, təhlükəsiz dövlətə çevriləcəyinə ümid edirlər.

Dəməşq sakinləri əvvəlki hakimiyyət dövründə yaşadıqları çətinliklərin geridə qaldığını bildirir, yeni rəhbərliyin Suriyanı xüsusilə azadlıq, iqtisadiyyat və təhlükəsizlik baxımından daha yaxşı gələcəyə aparacağına inandıqlarını deyirlər.

Bildirilir ki, Əsəd hakimiyyətinin çökməsindən sonra qurulan yeni hökumət elektrik təchizatı və dövlət qulluqçularının əməkhaqları da daxil olmaqla əsas xidmətlərin təmin olunması istiqamətində addımlar atıb və əhalinin gündəlik həyatına birbaşa təsir edən qərarlar qəbul edib.

İyun ayında imzalanan Prezident Sərəncamı ilə dövlət qulluqçularının maaşı 250 min Suriya funtundan (həmin dövrdə təqribən 15 dollar) 750 min Suriya funtuna (təxminən 65 dollar) artırılıb.

Suriyada ictimaiyyətinin yaddaşında ağır iz buraxmış “Sednaya”, “Mezzeh” hərbi həbsxanası və “Xatib” kimi adı işgəncələrlə anılan türmələr tamamilə bağlanıb.

Bundan başqa, 14 illik bombardman nəticəsində ciddi dağıntıya məruz qalmış ölkənin elektrik şəbəkəsinin bərpası və təmiri üzrə işlərə başlanılıb. Energetika Nazirliyinin məlumatına görə, əsas elektrik stansiyalarında görülən işlərdən sonra istehsal gücü Azərbaycan qazının tədarükü və Türkiyənin dəstəyi hesabına artırılıb.

Qeyd edək ki, əvvəlki hakimiyyət dövründə elektrik təkcə gün ərzində bir neçə saat verildiyi halda, yeni tədbirlər nəticəsində təchizat sürətlə gündə 8-10 saata çatdırılıb. Hələb, Homs və Dəməşq kimi böyük şəhərlərdə isə 15 ildən sonra ilk dəfə sınaq məqsədilə fasiləsiz 24 saat elektrik təmin edilib.

 

MƏNBƏ:TRT