DÜNYA
2 dəqiqə oxuma
İordaniya dövləti mühüm görüşə ev sahibliyi etdi
Suriya və İsrail nümayəndə heyətləri ABŞ-nin vasitəçiliyi ilə İordaniyada bir araya gəldi
İordaniya dövləti mühüm görüşə ev sahibliyi etdi
Suriya və İsrail nümayəndə heyətləri ABŞ-nin vasitəçiliyi ilə bir araya gəldi

Suriya ABŞ-nin vasitəçiliyi ilə gərginliyi azaltmaq məqsədilə İsrail ilə yüksəksəviyyəli görüşün keçirildiyini açıqlayıb.

Məsələylə bağlı SANA xəbər agentliyi Suriya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata əsasən, Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada İsrail nümayəndə heyəti ilə görüşüb.

Görüş İsrailin son hava zərbələrindən sonra Suriya ərazisində artan gərginliyi azaltmaq məqsədi daşıyıb. Danışıqlar, həmçinin Suriyada və regionda sabitliyi dəstəkləmək üçün təşkil olunub.

Görüşdə Suriyanın Ümumi və Hərbi Kəşfiyyat idarələrinin rəisləri də iştirak ediblər. Danışıqlarda İsrailin hücumlarının və həbs əməliyyatlarının dayandırılması üçün praktiki mexanizmlərin yaradılması müzakirə olunub.

Görüşdən sonra verilən açıqlamada danışıqlar prosesinin bərpası ilə daha əhatəli gələcək sazişin əsasını qoya biləcək təhlükəsizlik razılaşmasının əldə olunmasının hədəfləndiyi qeyd edilib.

Açıqlamada Suriyanın suveren bir dövlət olduğu vurğulanıb. Ölkənin milli maraqlarına uyğun olaraq milli ordusunu yenidən qurmaq, inkişaf etdirmək, eləcə də müttəfiqlərini və tərəfdaşlıqlarını müəyyənləşdirmək hüququnun tam olduğu təsdiqlənib. Suriyanın bu suveren hüquqları məhdudlaşdıracaq hər hansı tənzimləmə və ya mexanizmi qəbul etməyəcəyi bildirilib.

Görüşdə Suriyanın işğal altındakı Qolan təpələrinin Suriya ərazisi olmasına dair mövqeyi bir daha təkrarlanıb. Qolanın yekun statusunun müzakirəsi üçün hələ tez olduğu diqqətə çatdırılıb. Birbaşa prioritetin İsrail qüvvələrinin 2024-cü il 8 dekabr tarixindən əvvəlki xətlərə çəkilməsi, 1974-cü il Qüvvələrin Ayırılması Sazişinin yenidən qüvvəyə minməsi və tam şəkildə icra edilməsi olduğu bildirilib.