Sudanın Darfur bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində bir kənd ciddi ziyan görüb. Təbii fəlakət səbəbindən 1000-dən çox insan həyatını itirib.
Bölgəyə nəzarət edən üsyançı qrupun yaydığı məlumata görə, Sudanın qərbində yerləşən Darfurda baş verən torpaq sürüşməsi bir kəndi tamamilə yerlə-yeksan edib və ən azı 1000 nəfər həlak olub. Hadisə Afrika ölkəsinin yaxın tarixindəki ən ölümcül təbii fəlakətlərdən biri kimi qiymətləndirilir.
Sudan Azadlıq Hərəkatı Ordusunun (SLM) açıqlamasında bildirilir ki, fəlakət bazar günü Mərkəzi Darfurun Marra dağlarında yerləşən Tarasin kəndində baş verib.
Açıqlamada deyilir: "İlkin məlumatlara görə, kəndin 1000-dən çox sakini həyatını itirib, yalnız bir nəfər sağ qalıb."
Hərəkat cəsədlərin çıxarılması işində kömək üçün BMT və beynəlxalq yardım təşkilatlarına müraciət edib.
Qeyd olunur ki, Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında gedən şiddətli döyüşlərdən qaçan mülki əhali Marra dağlarına sığınıb.
İki ildir davam edən vətəndaş müharibəsi əhalinin yarıdan çoxunu aclıqla üz-üzə qoyub və milyonlarla insanı didərgin salıb.













