TÜRKİYƏ
2 dəqiqə oxuma
R.T.Ərdoğan Suriyada genişmiqyaslı yenidənqurma səfərbərliyinin başladılacağını açıqladı
Dövlət başçısı R.T.Ərdoğan Suriyanın vahid dövlət kimi qalmalı olduğunu və kürd icmalarına humanitar yardımın davam etdiyini bildirdi
R.T.Ərdoğan Suriyada genişmiqyaslı yenidənqurma səfərbərliyinin başladılacağını açıqladı
R.T.Ərdoğan Suriyada genişmiqyaslı yenidənqurma səfərbərliyinin başladılacağını açıqladı / AA
bir gün əvvəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 27-də verdiyi açıqlamada Suriyada, xüsusilə də keçmiş rejimin illərlə davam edən zülmü zamanı viran qalmış yaşayış məntəqələrindən bəhs edib. Dövlət rəhbəri R.T.Ərdoğan bildirib ki, Suriyanın bütün ərazisində, xüsusən də keçmiş rejimin çəllək bombaları ilə xarabalığa çevirdiyi yaşayış məntəqələrində böyük bərpa və yenidənqurma səfərbərliyi başlayacaq. O, qeyd edib ki, Suriya sabitliyə və təhlükəsizliyə qovuşduqca bunun müsbət təsirləri ilk növbədə Türkiyə olmaqla, bütün qonşu ölkələr tərəfindən birbaşa hiss olunacaq.

Prezident R.T.Ərdoğan həmçinin Əsəd hakimiyyəti dövründə bir çox kürd vətəndaşın vətəndaşlıqdan məhrum edildiyi Suriyada yeni hakimiyyətin kürd vətəndaşların əsas hüquqlarını təmin edən son qərarını məmnuniyyətlə qarşıladığını ifadə edib.

Ölkədə birlik çağırışı edən R.T.Ərdoğan suriyalıları etnik ayrı-seçkiliyi qızışdırmaq cəhdlərinə qarşı ayıq-sayıq olmağa, kürd icmalarını isə xarici oyunlara aldanmamağa çağırıb.

R.T.Ərdoğan deyib: “Kürd qardaşlarımdan, vətəndaşlarımdan xahiş edirəm, əzəli və əbədi qardaşlığımıza zərbə vurmağı, aramıza nifaq salmağı hədəfləyən oyunlara uymayın’’.

Türkiyə Prezidentinin sözlərinə görə, Türkiyə dövləti Suriyanın yeni hökuməti ilə sıx əməkdaşlıq edir. O, bildirib ki, sərhədlərdən kənarda yaşayan kürd icmalarından daxil olan humanitar yardım müraciətlərinə cavab verilir. R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Suriya hökuməti ilə yaxın əməkdaşlıq çərçivəsində humanitar yardıma ehtiyacı olan kürd icmalarının tələblərini yerinə yetirib.

Ölkə başçısı R.T.Ərdoğan Suriyanın vahid dövlət kimi qalmasının vacibliyini vurğulayaraq paralel silahlı strukturların mövcudluğunu qəti şəkildə rədd edib.

“Dövlət daxilində dövlət, ayrı silahlı qüvvə ola bilməz”, – deyən Prezident R.T.Ərdoğan bildirib ki, yeganə keçərli yol tərəflər arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, məsələnin dinc yolla həllidir.

 “Əldə olunmuş razılaşmaya uyğun şəkildə məsələni təmkinlə həll etmək yeganə çıxış yoludur”, - deyə dövlət başçısı vurğulayıb.