TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə dövləti İnterpoldan B.Netanyahunun həbsi üçün order çıxarılmasını tələb edib
Rəsmi Ankara Qəzzada törədilən cinayətlərin ört-basdır edilməsinə və məsul şəxslərin cəzasızlıq qalmasına icazə verməyəcəyini bəyan edib
Türkiyə dövləti İnterpoldan B.Netanyahunun həbsi üçün order çıxarılmasını tələb edib
Türkiyə dövləti İnterpoldan B.Netanyahunun həbsi üçün order çıxarılmasını tələb edib

Türkiyənin ədliyyə naziri Akın Gürlek İsrailin Baş naziri Benyamin Netanyahu haqqında "soyqırım" cinayəti üzrə aparılan məhkəmə təqibi çərçivəsində qırmızı bülleten (order) ilə axtarışa verilməsinin tələb edildiyini açıqlayıb.

Nazir A.Gürlek bu barədə "NSosyal" hesabında etdiyi paylaşımda məlumat verib. O, Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan “Qlobal Sumud Donanması” aktivistlərinə beynəlxalq sularda edilən hücumla bağlı məhkəmə prosesinin qətiyyətlə davam etdiyini vurğulayıb.

A.Gürlek bu çərçivədə İstanbul 11-ci Ağır Cəza Məhkəməsinin fəaliyyət göstərdiyini bildirib. Məhkəmə aralarında B.Netanyahu və Afek Moskovitsin də olduğu 35 təqsirləndirilən şəxs barəsində məhkəmə təqibi aparır.

Nazir ifadəsində deyib: “Cinayət işi çərçivəsində B.Netanyahu və Afek Moskovits haqqında soyqırımı cinayətinə görə 2026-cı il 14 iyul tarixində həbs qətimkan tədbiri seçilib. Bu qərarlar doğrultusunda onların beynəlxalq axtarışa verilməsi məqsədilə Ədliyyə Nazirliyimiz tərəfindən qırmızı bülleten dərc olunması Daxili İşlər Nazirliyindən tələb edilib. Müvafiq sənədlər Xarici İşlər Nazirliyinə təqdim olunub.”

Nazir A.Gürlek təqsirləndirilən B.Netanyahu və A.Moskovitsinin mühakimə olunduğu maddələri də açıqlayıb. Onlar Qəzzaya humanitar yardım aparan mülki şəxslərə beynəlxalq sularda silahlı müdaxilə etmək və aktivistləri qanunsuz saxlamada təqsirləndirilirlər. Bu əməllər çərçivəsində onlar bəşəriyyət əleyhinə cinayət, soyqırım, xüsusi amansızlıqla şəxsi azadlıqdan məhrum etmə, qəsdən sağlamlığa zərər vurma, işgəncə verilməsi, əmlaka ziyan vurma, quldurluq və nəqliyyat vasitələrini qaçırma cinayətləri ilə mühakimə olunurlar.

Ədliyyə naziri Qəzzada soyqırım törədən B.Netanyahu hakimiyyətinin toxunulmaz və cavabdeh edilə bilməz olduğu yönündəki yanaşmanı heç bir halda qəbul etmədiklərini bildirib: “Qəzzada törədilən cinayətlərin üstünün örtülməsinə icazə verməyəcəyik. Günahkar şəxslərin cəzasızlıq zirehi ilə qorunmasına icazə verməyəcəyik. Milli və beynəlxalq hüququn bütün imkanlarından qətiyyətlə istifadə edəcəyik,” – deyə o, əlavə edib.

Xatırladaq ki, Türkiyə dövləti 2025-ci ilin noyabr ayında B.Netanyahu və digər bəzi şübhəlilər haqqında həbs qərarı çıxarıb. Buna səbəb onların Qəzzadakı soyqırımda oynadıqları rol olub.

Həbs qərarları genişmiqyaslı araşdırma nəticəsində verilib. Bu araşdırma İsrailin Qəzzadakı mülki əhaliyə qarşı "sistemli" hücumları, soyqırım əməlləri və bəşəriyyət əleyhinə cinayətləri ilə bağlı aparılıb.

MƏNBƏ:TRT