İrlandiyanın Baş naziri Mişel Martin beş gün davam edəcək təmaslar üçün yanvarın 5-də Çinin paytaxtı Pekinə ilk rəsmi səfərini edib.
Səfər çərçivəsində Çin Xalq Respublikası rəhbəri Si Cinpin və İrlandiya Baş naziri M.Martin iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı Çin ilə Avropa İttifaqı arasındakı münasibətləri də müzakirə ediblər.
Si Cinpin çıxışı zamanı deyib: “Qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda Çin–İrlandiya münasibətlərinin uzunmüddətli və sabit inkişafı prosesində əldə olunmuş dəyərli təcrübələrdir.”
M.Martinin yanvarın 8-nə qədər davam edəcək səfəri çərçivəsində Şanxayda yüksəkvəzifəli Çin rəsmiləri və iş adamları ilə görüşəcəyi nəzərdə tutulur.
İki tərəfli görüşlə bağlı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninin açıqlama verərək deyib: “Hər iki tərəf münasibətləri irəli aparmalıdır. Çin strateji kommunikasiyanı gücləndirmək, qarşılıqlı siyasi etimadı dərinləşdirmək, əməkdaşlığı genişləndirmək, hər iki xalqa daha çox fayda vermək və Çin–Avropa münasibətlərinə əlavə dinamika qazandırmaq üçün İrlandiya ilə işləməyə hazırdır.”
Ölkə rəhbəri Si Cinpin Çin Xarici İşlər Nazirliyinin internet saytında yayımlanan açıqlamanı yeniləyərək deyib: “Hər iki tərəf beynəlxalq münasibətlərdə koordinasiya və əməkdaşlığı gücləndirməli, Birləşmiş Millətlər Təşkilatının nüfuzunu birgə müdafiə etməli və daha ədalətli, bərabərhüquqlu qlobal idarəetmə sistemi naminə çalışmalıdır.”
İrlandiyanın Asiyadakı ən böyük iqtisadi tərəfdaşı
Si Cinpin qeyd edib ki, Çin və Aİ uzunmüddətli baxış bucağını qorumalı, birgə işləmək öhdəliyinə sadiq qalmalı, fərqlilikləri obyektiv və rasional şəkildə dəyərləndirməli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı davam etdirməlidir.
İrlandiya hökumətinin açıqlamasına görə, M.Martin İrlandiya ilə Çin arasındakı ticarətdə daha çox açıqlıq çağırışı edərək, iki ölkə arasındakı güclü iqtisadi münasibətlərin əhəmiyyətini vurğulayıb.
İrlandiyanın açıq bazarlara verdiyi dəstəyi qeyd edən Si Cinpin bildirib ki, hər iki ölkə qlobal ticarətdə əməkdaşlığa əsaslanan iştirakdan fayda əldə edir.
Çin illik təxminən 42 milyard dollar həcmində ticarət dövriyyəsi ilə İrlandiyanın Asiyadakı ən böyük iqtisadi tərəfdaşı, qlobal miqyasda isə beşinci ən böyük ticarət tərəfdaşıdır.
Si Cinpin Baş nazir M.Martinin mövqeyini bölüşərək, rəsmi Pekinin süni intellekt, rəqəmsal iqtisadiyyat, səhiyyə və təhsil daxil olmaqla müxtəlif sahələrdə praktiki əməkdaşlığı artırmaqda maraqlı olduğunu bildirib.
İrlandiya tərəfinin açıqlamasında qeyd olunub ki, Si Cinpin Çinin İrlandiya ilə strateji dialoqu və siyasi etimadı dərinləşdirmək niyyətində olduğunu, eləcə də beynəlxalq məsələlərdə çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.
Hər iki lider çoxtərəfliliyə və BMT-nin nüfuzuna sadiqliklərini bir daha təsdiqləyərək, Çin ilə Aİ arasındakı əlaqələrin daha geniş miqyasda inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.
Çin tərəfi İrlandiyanın bu ilin sonlarında Avropa İttifaqı Şurasına sədrliyi öz üzərinə götürəcəyini nəzərə alaraq, rəsmi Dublinin Çin–Aİ münasibətlərinə konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, İrlandiyanın Baş naziri M.Martin bu səfəri Avropa İttifaqı ilə Çin arasında gömrük rüsumları ilə bağlı daha geniş miqyaslı gərginliklərin davam etdiyi bir dövrdə həyata keçirib. Son vaxtlar Çinin Aİ-nin bəzi süd məhsullarına və elektrikli avtomobillərə tətbiq etdiyi gömrük rüsumları tərəflər arasında ticarət münasibətləri üçün təzyiq amili olaraq qalmaqdadır.










