DÜNYA
3 dəqiqə oxuma
Luqanskda kollec və yataqxanaya təşkil edilən hücumda 4 nəfər ölüb, 35 nəfər yaralanıb
Rusiya: Ukraynanın Luqanskda kollec və yataqxanaya təşkil etdiyi hücumda 4 nəfər ölüb, 35 nəfər yaralanıb
Luqanskda kollec və yataqxanaya təşkil edilən hücumda 4 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukraynanın Rusiyanın nəzarətində olan Luqansk vilayətində gecə hücumundan sonra kollecin dağıdılmış yataqxana binası, 22 may 2026-cı il. / Reuters

Rəsmi Moskva Kiyevin Starobelskdə mülki təhsil müəssisəsini hədəf aldığını iddia edərkən, Ukrayna prezidenti Volodimir Zelenski isə Ukrayna qüvvələrinin Rusiyanın Yaroslavl neft emalı zavodu ilə əlaqəli obyektlərinə zərbələr endirdiyini bildirib.

Rusiyanın nəzarətində olan Ukraynanın Luqansk bölgəsində, Starobelsk Pedaqoji Universitet Kollecinə (yataqxana daxil olmaqla) Ukrayna tərəfindən təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində dörd nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.

Bu barədə Rusiyanın insan hüquqları üzrə komissarı Yana Lantratova "Telegram"da məlumat yayıb.

Yana Lantratova deyib: "Uşaqların təhsil aldığı və yaşadığı mülki obyektə qarşı törədilən qəsdən hücuma beynəlxalq təşkilatların reaksiya göstərməsini gözləyirik".

Rusiyanın "Max" sosial media platformasında Fövqəladə Hallar Nazirliyinin yaydığı bəyanata görə, dağıntılar altından üç nəfər çıxarılıb.

Rusiyanın Luqansk vilayətinə təyin etdiyi rəhbəri Leonid Paseçnik "Max" platformasında deyib: "Dağıntılar altında hələ də uşaqlar var və axtarışlar davam edir". O, həmçinin hücum zamanı binalarda 86 uşağın olduğunu əlavə edib.

Paseçnik Starobelskdə inzibati binaların, mağazaların və şəxsi evlərin də zərər gördüyünü vurğulayıb.

Paseçnik xilasetmə qruplarının hadisə yerində fəaliyyətlərini davam etdirdiklərini və psixoloji dəstək də daxil olmaqla köməklik göstərdiyini bildirib.

Ayrıca olaraq, Rusiya Müdafiə Nazirliyi "Telegram"da ölkə daxilində gecə boyu Ukraynaya məxsus 217 PUA-nı vurulduğunu və məhv edildiyinii iddia edib.

Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Telegram"da Rusiyanın müxtəlif tipli 124 PUA fırlatdığını və onlardan 115-nin zərərsizləşdirildiyini bəyan edib.

Vilayət qubernatoru Oleksandr Prokudin son 24 saat ərzində Ukraynanın Xerson vilayətində bir nəfərin öldüyünü, altı nəfərin isə yaralandığını bildirib.

Digər bir vilayət qubernatoru Oleh Hrıhorov isə Rusiyanın hücumu nəticəsində son bir gündə Ukraynanın Sumı vilayətində təxminən 12 nəfərin yaralandığını "Telegram"da qeyd edib.

İddiaları müstəqil mənbələr tərəfindən təsdiqləmək mümkün olmayıb.

Zelenski Ukrayna qüvvələrinin Rusiyanın Yaroslavl neft emalı zavodu ilə əlaqəli hədəflərə hücum etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski verdiyi açıqlamada Kiyevin gecə saatlarında Ukraynadan təxminən 700 kilometr uzaqlıqda yerləşən və daha əvvəl "Rusiyanın müharibəsinin maliyyələşdirilməsi üçün böyük əhəmiyyətə malik" kimi xarakterizə edilən Yaroslavl neft emalı zavodu ilə əlaqəli hədəflərə zərbələr endirdiyini deyib.

Zelenski hücumların eyni zamanda müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindəki nöqtələrə də yönəldiyini vurğulayaraq deyib: "Müharibəni onların evlərinə, Rusiyaya qaytarırıq və bu, ədalətlidir".

Zelenskinin sözlərinə görə, ilin əvvəlindən bəri Rusiyanın itkiləri 145 min hərbçini ötüb; onlardan təxminən 86 mini ölüb, azı 59 mini ağır yaralanıb, 800-dən çox əsgər isə əsir götürülüb.

Zelenski Ukrayna şəhərlərinə və yaşayış məntəqələrinə qarşı Rusiya hücumlarına cavab olaraq Kiyevin "uzunmənzilli sanksiyaların digər formalarını" və orta mənzilli zərbələri hazırladığını bəyan edib.

Zelenski "X" platformasında deyib: "Sumı vilayətinin sərhədyanı zonalarında müəyyən edilmiş hədəflərə nail oluruq. Digər sektorlarda da Rusiya hərbi heyətini və işğalçıların texnikasını məhv etməyə davam edirik".