Sənədli kinojurnalistikanın inkişafına töhfə vermək və müxtəlif ölkələrdən keyfiyyətli ekran işlərini beynəlxalq tamaşaçı auditoriyasına təqdim etmək məqsədilə təşkil edilən "TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb.
TRT-dən verilən məlumata görə, həvəskar və peşəkar rejissorları həvəsləndirməyi hədəfləyən müsabiqəyə müraciətlər 2027-ci il martın 19-dək "www.trtbelgesel.com" internet ünvanı vasitəsilə edilə bilər.
Müsabiqə müraciət şərtlərinə cavab verən sənədli filmlərlə yanaşı, hələ istehsal mərhələsinə keçməmiş, ideya və süjet mərhələsində olan layihələr üçün də açıq olacaq. İştirakın ödənişsiz olduğu tədbirdə əsərlər dörd sahədə; Beynəlxalq Kateqoriya, Milli Peşəkar Kateqoriya, Milli Tələbə Filmləri Kateqoriyası və Layihə Dəstəyi Kateqoriyasında qiymətləndiriləcək.
Müsabiqə çərçivəsində bütün kateqoriyalar üzrə ümumilikdə 12 mükafat təqdim ediləcək.
Müraciət şərtləri, qiymətləndirmə prosesi və mükafatlarla bağlı ətraflı məlumatı "www.trtbelgesel.com" saytından əldə etmək mümkündür.























