TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Türk Dünyasının arxeoloqları birgə tədqiqatlar və rəqəmsal irs üçün Macarıstanda bir araya gəliblər
İclasın sonunda ARICA III görüşünün yekun bəyannaməsi qəbul olunub
Türk Dünyasının arxeoloqları birgə tədqiqatlar və rəqəmsal irs üçün Macarıstanda bir araya gəliblər
Türk dünyası arxeoloqları ortaq araşdırma və rəqəmsal irs üçün Macarıstanda bir araya gəldi

Macarıstanın Bugaç şəhərində Türk dünyasının Arxeologiya Elmi-Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) üçüncü iclası keçirilib. Görüş arxeologiya və tarixi irsin qorunması sahəsində əməkdaşlığın praktiki mərhələsinə keçidə və birgə beynəlxalq layihələrin hazırlanmasına həsr olunub.

Türk Akademiyasının təşəbbüsü ilə 2023-cü ildə Özbəkistanın Səmərqənd şəhərində təsis edilən ARICA-nın üçüncü iclasında Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Macarıstanın “Turan” Fondunun prezidenti Andraş Biro, Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Monqolustanın arxeoloji təşkilatlarının rəhbərləri və nümayəndələri, Türkiyə Tarix Cəmiyyətinin nümayəndələri, həmçinin Macarıstan Milli Muzeyinin rəhbərləri və mütəxəssisləri iştirak ediblər.

İclası açıq elan edən Ş.Mustafayev bildirib ki, ARICA-nın yaradılmasından ötən üç il ərzində birlik əməkdaşlığın əsaslarının formalaşdırılmasından fəaliyyət göstərən beynəlxalq elmi şəbəkənin yaradılmasına qədər mühüm yol keçib.

Ş.Mustafayev diqqətə çatdırıb ki, Birliyin prioritet tədqiqat istiqamətlərinə tarixi İpək Yolu şəhərləri, erkən türk dövrünə aid abidələr, qədim suvarma sistemləri, Avrasiyanın köçəri mədəniyyətləri ilə bağlı arxeoloji irs və orta əsr istehsal mərkəzləri daxildir.

Arxeoloji tədqiqatların nəticələrini dəyərləndirmək üçün ARICA iclaslarının hər il keçirilməsinin vacibliyini vurğulayan Ş.Mustafayev Türk Akademiyasının türk dünyasında arxeologiya elminin inteqrasiyasına və inkişafına dəstək verməkdə davam edəcəyini qeyd edib.

Birgə rəqəmsal arxeologiya məlumat bazası yaradılacaq

Toplantıda "Türk ölkələrinin arxeoloji abidələrinin elektron atlası" layihəsi də müzakirə olunub.

Layihə türk dünyasındakı mühüm arxeoloji məkanlar haqqında geoinformasiya məlumatlarını, xronologiyanı, elmi təsvirləri, fotoları, xəritə-planları, tədqiqat nəticələrini və əsas elmi nəşrləri əhatə edən birgə rəqəmsal məlumat bazasının formalaşdırılmasını hədəfləyir.

İştirakçılar, həmçinin ARICA-nın Rəqəmsal İnformasiya Portalının və elektron tədqiqat məlumat bazasının yaradılmasını müzakirə ediblər. Bu sistemlər Türk dünyasının arxeoloji təşkilatları, tədqiqatçıları və elmi mərkəzləri arasında elmi məlumatların daim mübadiləsini təmin etməlidir. Platformada birgə ekspedisiyalar, nəşrlər, konfranslar, qrantlar, təhsil proqramları, tədqiqatçılar və ixtisaslaşmış təşkilatlar barədə məlumatların birləşdirilməsi mümkündür.

Görüşdə həmçinin Macarıstanla arxeologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib; macar alimlərinin hunlar, Avrasiya çölləri və türklərin erkən tarixi ilə bağlı apardıqları tədqiqatların əhəmiyyəti vurğulanıb.

İclasın yekununda iştirakçılar ARICA-nın üçüncü iclasının əsas prioritetlərini və qarşıdakı illər üçün birgə fəaliyyət planını müəyyənləşdirən Yekun qətnamə qəbul ediblər.

Yekun qətnamdə birgə arxeoloji tədqiqatların aparılması, ortaq rəqəmsal informasiya məkanının qurulması və türk dünyasının tədqiqat müəssisələri arasında sistemli elmi məlumat mübadiləsinin inkişafına yönəlmiş yeni əməkdaşlıq mərhələsinin başladıldığı bəyan olunub.